Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 14-də Nepalın paytaxtı Katmanduda keçirilən və 16 ölkədən 26 siyasi partiya nümayəndəsinin qatıldığı Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında iştirak edib.
Məlumat verilib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) və Avropa Parlamentindəki Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (ECR) birgə platforması olan AEPF-nin yaradılmasında məqsəd Asiya və Avropanın aparıcı siyasi partiyaları arasında əlaqələri genişləndirməkdir.
İclasda ICAPP Daimi Komitəsinin Sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, Nepalın sabiq baş naziri, Nepal Kommunist Partiyasının (UML) sədri Xadqa Prasad Şarma Oli, ICAPP Daimi Komitəsinin üzvü, AEPF-nin həmsədri, Nepal Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Racan Bhattaray və Nepal parlamentinin üzvü, Nepal Konqresi Partiyası Mərkəzi Komitəsinin üzvü, sabiq baş nazir müavini və xarici işlər naziri xanım Sucata Koirala açılış nitqi ilə çıxış ediblər.
Sonra AEPF-nin həmsədri, Avropa Parlamentinin Çexiyadan olan deputatı və ECR-ın üzvü Yan Zahradilin moderatorluğu ilə “Dayanıqlı turizmin təşviqi” mövzusunda birinci sessiya keçirilib.
Racan Bhattarayın moderatorluğu ilə “Pandemiyadan sonrakı dövrdə maliyyə sabitliyinin qorunması” mövzusunda keçirilən ikinci sessiyada YAP Sədrinin müavini Tahir Budaqov da çıxış edib. Koronavirus pandemiyasının geniş vüsət aldığı ilk vaxtdan etibarən həm əhalinin sağlamlığını qorumaq, həm də sosial-iqtisadi immunitet yaratmaq məqsədilə respublikamızda həyata keçirilən effektiv mübarizə tədbirlərindən bəhs edən Tahir Budaqov Azərbaycan iqtisadiyyatının pandemiyadan sonrakı mərhələyə hazırlanmasına elə pandemiya dövründə başlandığını vurğulayıb. YAP Sədrinin müavini çıxışında Azərbaycanın pandemiya dönəmində dövlət siyasətinin təkcə milli məzmun kəsb etmədiyini, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıdığını söyləyərək bu kontekstdə Prezident İlham Əliyevin qlobal səviyyədə göstərdiyi təşəbbüsləri – Azərbaycanın uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsini, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının baş tutmasını diqqətə çatdırıb. Azərbaycanın dünya miqyasında “peyvənd millətçiliyi”nə qarşı çıxması, Prezident İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatların tribunalarından birmənalı şəkildə peyvəndlərin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsinin yolverilməzliyi barədə çıxışları, eləcə də Azərbaycanın peyvəndlərə əlçatanlığı olmayan bir neçə ölkəyə vaksinlər və digər yardımlar göndərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində vəsait ianə etməsi də xüsusi qeyd olunub. Tahir Budaqov çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə uğurlarının həm də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünü təmin etməsi və tarixi ədaləti bərpa etməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi fonunda əldə edildiyini vurğulayıb: “Lakin həmin müharibənin yekunu olaraq Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış Bəyanatla Ermənistanın faktiki olaraq kapitulyasiyanı qəbul etməsinə baxmayaraq, həmin sənədlə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Rusiya sülhməramlı qoşunlarının müvəqqəti yerləşdirildiyi ərazilərdə hərbi təxribatları davam etdirməsi, Azərbaycanın suverenliyinə və konstitusiya quruluşuna təhdid yaradan revanşist hərəkətlərin günü-gündən artması Azərbaycanı 2023-cü il 19 sentyabr tarixində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə məcbur etmiş və 24 saat ərzində qanunsuz hərbi birləşmələrin ləğv olunması, ölkənin bütün ərazisi üzərində suverenliyimizin tam bərqərar olunması təmin edilmişdir. Növbəti mərhələdə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və orada yaşayan erməni əsilli əhalinin reinteqrasiyası, investisiyaların cəlb olunması, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi ölkəmiz qarşısında duran prioritet vəzifələrdir”.
Tahir Budaqov çıxışının sonunda siyasi partiyaları maliyyə sisteminin sabitliyini qorumaq və iqtisadi inkişafın davamlılığını təmin etmək üçün tərəfdaşlıq əlaqələrini gücləndirməyə, bilik və təcrübələrini bölüşməyə, daha sıx koordinasiyalı fəaliyyət qurmağa çağırıb.
İclasın sonunda AEPF-nin yenilənmiş fəaliyyət qaydaları və aparılmış müzakirələrin əsas nəticələrini özündə əks etdirən Katmandu Bəyanatı qəbul edilib.
Günün sonunda iştirakçılar Nepal Kommunist Partiyasının Sədri Şarma Olinin adından verilən şam yeməyinə qatılıblar.
Səfərin sonuncu günü, oktyabrın 15-i mədəni proqram çərçivəsində iştirakçıların Himalay dağlarının ətəyində yerləşən Dhulikhel və Nepalın qədim mədəniyyət mərkəzi olan Bhaktapur şəhərlərinə ziyarəti nəzərdə tutulub.