Tamam Cəfərova: “Prezident İlham Əliyev 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi”

20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır.

Millət vəkili  Tamam Cəfərova saytımıza açıqlamasında belə deyib.

Cənab İlham Əliyev tutduğu yolla Azərbaycan xalqını illərdən bəri həsrətində olduğu qələbəyə apardı. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və Ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə – işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş verdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına ən möhtəşəmi, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün – Zəfər Günü yazıldı. Xalqımızı qalib edən, Ulu Öndərin müqəddəs vəsiyyətini, ümdə arzusunu yerinə yetirən Prezident İlham Əliyev müdrik lider, qalib sərkərdə, böyük stradeq kimi adını Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazdı.

Tamam Cəfərova İlham Əliyevin həmin seçkilərdəki qələbəsini xalqın Heydər Əliyev yoluna olan inam və sədaqəti ilə izah edib: “Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 20 il bundan öncə prezident kimi fəaliyyətə başlaması milli tariximizdə ən mühüm hadisələrdən biridir. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Göründüyü kimi, ümummilli lider bu müraciətində İlham Əliyevə siyasi lider kimi inandığını bildirir, onun yarımçıq planları uğurla başa çatdıracağına əminliyini ifadə edirdi. Hansı ki, proseslərin sonrakı inkişafı Heydər Əliyevin hər zaman olduğu kimi, bu dəfə də öz zənnində yanılmadığını göstərdi. İlham Əliyev nəinki Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının güclənməsi, ordunun inkişafı istqiamətində mühüm addımlar atdı. O, 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanmaqla işğaldakı torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu tarixi zəfər bir daha Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu, Prezident İlham Əliyevin isə həm bir sərkərdə, həm də diplomat kimi nə qədər yüksək peşəkarlığa malik olduğunu göstərdi”.

Millət vəkili qeyd etdi ki, həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi, vətəndaşlarımızın Heydər Əliyev siyasi kursuna olan inamını ortaya qoydu və bununla da Azərbaycan dayanıqlı inkişaf və tərəqqi yoluna addım atmış oldu. Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Millət vəkili qeyd etdi ki, İlham Əliyevin siyasi ustalığı, milli maraq və mənafeləri qətiyyətlə müdafiə etməsi Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni həyatında dərin iz qoydu, dövlətimizin çoxşaxəli inkişafını təmin etdi:

“Təbii ki, Azərbaycanda davamlı inkişafın və uğurların təməlində duran Prezident İlham Əliyevin siyasi peşəkarlığıdır. Ölkə başçısı prezident kimi fəaliyyətinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırılmasını, bu dövlətlərlə əməkdaşlığın dərinləşməsini və genişlənməsini təmin etdi.

Yeni dövrün müasir lideri kimi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı inkişaf yoluna qədəm qoymuşdur deyən millət vəkili Tamam Cəfərova bildirib ki, ölkə başçısı ötən dövr ərzində Azərbaycanın siyasi, iqtisadi imkanlarını genişləndirib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev dayanıqlı inkişafa və milli həmrəyliyə xidmət edən siyasi dəyərlər sistemi formalaşdırmışdır. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

Sevindirici haldır ki, demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar olunub. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Tamam Cəfərova bildirib ki, milli mənlik şüurunun inkişafı və təbliği də Prezident İlham Əliyevin fəaliyətində mühüm yer tutub:

“Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Azərbaycan dövlətinin beynəlxalq arenadakı nüfuzu sürətlə artdı. Bu gün dünyanın ən iri, qabaqcıl dövlətləri belə Azərbaycanla hesablaşır, onun mövqeyini, iradəsini nəzərə almalı olurlar. Bütün bunlar Prezidentimizin uğuru, onun siyasi peşəkarlığının nəticəsidir.

Azərbaycan xalqı 20 il öncə etdiyi seçimin tarixi qürurunu yaşayır. Prezident İlham Əliyev yalnız Azərbaycan dövlətini inkişaf etdirmədi, o həm də xalqımız və dövlətimiz üçün yeni şanlı tarix yazdı. Prezident İlham Əliyevin adı və imzası tarixə həm də əbədi qalib xalq lideri kimi həkk olundu. Dövlətimizin başçısının möhtəşəm 20 illik fəaliyyətində inkişaf və bütövlüyün sevincini yaşayan xalqımız seçimində yanılmadığını sevgi və şükranlıqla hər zaman xatırlayacaq. Biz xoşbəxt xalqıq. Xoşbəxtik ona görə ki, İlham Əliyevlə bir cəmiyyətdə, onun liderliyi ilə yaşayırıq. Bu xalq öz qalib lideri İlham Əliyevlə yenilməzdir. Müzəffər rəhbər İlham Əliyev də onun ətrafında sıx birləşmiş xalqı ilə güclüdür. Ona şükranlığımız, böyük mükafatımız ümumxalq sevgisi və alqışıdır. Millət vəkili Tamam Cəfərova belə deyib.

Comments (0)
Add Comment