Kiyev şəhərinin Darnitsa rayonunun M.Rudenko adına Mərkəzi Kitabxanası və Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi həmyerlimiz, hüquq elmləri doktoru, professor Arif Quliyevin Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Otes nasii” (“Millət atası”) kitabının təqdimatını keçirdilər.
Tədbir iştirakçılarını Kiyev şəhəri dövlət administrasiyası Darnitsa rayonu mədəniyyət şöbəsinin müdri Nataliya Melniçuk və Kiyev şəhəri Darnitsa rayon Mərkəzi Kitabxanasının direktoru, Ukraynanın Əməkdar mədəniyyət işçisi Oksana Qalovata salamladılar.
Ulu Öndər Heydər Əliyevə Kiyev şəhərinin Fəxri vətəndaşı statusu verilmişdir, o eyni zamanda Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Fəxri doktoru olmuşdur.
Kitab Ulu Öndərin 100 illik yubileyinə həsr olunub. Kitabda Heydər Əliyevin dövlətçilik fəaliyyəti, onun dünya siyasətinə və Azərbaycan-Ukrayna münasibətlərinə verdiyi töhfələr təhlil edilib. Arif Quliyev öz əsərləri ilə beynəlxalq arenada Azərbaycanın və Ukraynanın nüfuzunun artmasına təkan verir.
Tədbirdə Azərbaycan diasporasının tanınmış nümayəndələri iştirak edib:
Azərbaycanın Ukraynadakı Səfirliyinin ikinci katibi Vilayət Şükürzadə, Kiyevin Şevçenko rayonunun prokuroru Samir Sadıqov, Dövlət Telekomunikasiyalar Universitetinin professoru, UEA-nın akademiki Mükafat Əsgərov, Çernobl AES-də baş verən qəzanın nəticələrini aradan qaldıranlardan Şirxan Allahverdiyev, akademik Şöhrəddin Əsgərov, ingilis dili müəllimi, şair Çiçək Tağıyeva, Azərbaycanın Əməkdar həkimi Sədaqət Xudiyeva. Təqdimata videoformatda Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova da qoşulmuşdur.
Təqdimatda Azərbaycan və Ukrayna tarixi əlaqələrindən, dostluğundan, əməkdaşlığından söhbət aparıldı.
Professor A.Quliyev Darnitsa rayon Mərkəzi Kitabxanasına müəllifi olduğu kitabları hədiyyə etdi. Kitablar beynəlxalq hüquq və beynəlxalq münasibətlər, dövlət idarəçiliyi sahəsində çalışanlar, habelə ali məktəb müəllimləri üçün faydalı ola bilər.