Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının Multikulturalizm Məsələləri üzrə Nazirliyi erməni kinofestivalında nümayiş etdirilən filmlərin mövzusu ilə bağlı Azərbaycan icmasının məktubunu cavablandırıb.
Nazirliyin baş icraçı direktoru Cozef La Postanın adından Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sidneydəki əlaqələndiricisi Mikayıl Oytaya ünvanlanan məktubda bildirilib ki, Azərbaycan icmasının ştatdakı mədəni müxtəlifliyə töhfələri yüksək qiymətləndirilir: “Şübhəsiz, Yeni Cənubi Uelsdə yaşayan Azərbaycan icmasının bu ştatın dünyada ən dinc və harmoniyalı multikultural cəmiyyətlərindən birinə çevrilməsində öz töhfələri var”.
Baş icraçı direktor qeyd edib ki, Qarabağ münaqişəsinin narahatedici və mürəkkəb məsələ olduğunu anlayır və bu məqamın ştatdakı icmalararası münasibətlərə mənfi təsirinin qarşısını almağa çalışılır: “Multikultural NSW nifrət və fikir ayrılığının təsiretmə probleminə çox ciddi yanaşır və biz sizin qaldırdığınız məsələlər üzrə konstruktiv dialoq təklifinizi alqışlayırıq”.
Nəzərə çatdırılıb ki, nazirlik bu məsələlərin ətraflı müzakirəsi və görüş təyin edilməsi məqsədilə yaxın həftələrdə Mikayıl Oyta ilə əlaqə saxlayacaq.
Qeyd edək ki, Mikayıl Oyta 2023-cü ilin sentyabrında Yeni Cənubi Uels və Viktoriya ştatlarında təşkil edilmiş erməni kinofestivalında multikulturalizm dəyərləri ilə bir araya sığmayan, separatçılıq, nifrət, irqçilik, ərazi iddiaları kimi elementlərin daxil olduğu filmlərin nümayişi ilə bağlı narahatlığını multikulturalizm məsələləri üzrə nazir Kolin Bruksa ünvanladığı məktubda ətraflı ifadə edib. Azərbaycanın ayrılmaz parçası olan Qarabağın 30 il ərzində Ermənistan tərəfindən vəhşicəsinə işğala, dinc azərbaycanlıların hərbi cinayətlərə məruz qaldığı, Qarabağ məsələsinin Azərbaycan icması üçün həssas və ağrılı mövzu olduğu vurğulanıb. Bildirilib ki, bu yolverilməz hal millətlər, icmalar, dəyərlər və dinlər arasında münaqişənin başlanması üçün əsas ola, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yarada, Avstraliya cəmiyyətində disharmoniyaya gətirib çıxara bilər.
Assosiasiya rəhbəri Avstraliya rəsmilərini icmalararası qarşılıqlı dialoqun, belə festivalların narrativlərə yol vermədən, mədəni mübadilə prinsiplərinə əsasən keçirilməsinin təmin olunmasına çağırıb.