Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının və Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Diplomatiya gənclərin gözü ilə” layihəsi çərçivəsində ilk görüş baş tutub. Layihənin ilk qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru Sadiq Qurbanov olub.
Görüşdə “Heydər Əliyevin gənclər siyasəti”, “Heydər Əliyevin siyasi baxışları”, “Azərbaycançılıq ideologiyası”, “Azərbaycanın diplomatiya uğurları” mövzularından bəhs edilib. Mövzular çərçivəsində tələbələrin sualları cavablandırılıb.
Tədbirdə Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov, Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri, “Gənc Diplomatlar” klubunun idarə heyətinin rəhbəri Rəsul Dadaşov, Siyasi elmlər kafedrasının müəllimləri və fəal tələbələr iştirak edib.
Azərbaycan Universiteti siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski bildirib ki, həyata keçirilən “Diplomatiya Gənclərin Gözü ilə” layihəsi müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin Diplomatiya sahəsində kadr kimi hazırlanması məqsədi daşıyır və bundan sonra da gənclərlə görüşlər davam edəcəkdir.