Qəhrəmanımızın adı əbədiləşdirildi

27 sentyabr tarixində Şəhid Vətən Müharibəsi Qəhrəmanı, mayor Heydərov Amid Rəbbil oğlunun vəfatından daha bir il keçdi..

32 illik qısa ömrünün 12 ilini Vətənə xidmət etməklə keçirən Amid 2016 – cı il Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olmuş və  2020 – ci il Vətən müharibəsində də tankının üzərinə “Şuşa – son mənzilimiz!” yazmışdı. Amid həmçinin, Vətən müharibəsi zamanı düşmənin müdafiə xəttini qıran ilk döyüşçülərdən idi, lakin  çox təəsüf ki, müharibənin elə ilk günündə Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və şəhidimiz doğulduğu Lerik rayonunda torpağa tapşırıldı.

Xidmət etdiyi illər ərzində bir çox mükafatlar və fəxri adlarla təltif olunan Amid Heydərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.

Ailəli idi, bir qız və bir oğul övladı özündən yadigar qaldı.

Bu gün  Şəhid Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən mərkəzi küçələrdən birinə qəhrəmanımızın adı verildi və bu tədbirdə Nizami rayon İcra Başçısı və heyəti ,Qəhrəmanımızın atası Rəbbil bəy, yoldaşı Nuranə xanım və övladları , Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və heyəti, həmçinin, Amidin döyüş yoldaşları və Amidin sevənləri iştirak edirdi.

Tədbir zamanı  qəhrəmanımızın həyat yoldaşı Nuranə xanıma Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi tərəfindən “Fədakar həyat yoldaşı” diplomu təqdim olundu.

Sonda isə tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

Və biz də Vətənqəhrəmanları.az saytı olaraq qəhrəmanımıza rəhmət və ailəsinə səbr diləyirik.

    

Allah rəhmət eləsin!
Vətən qəhrəmanları.az
NƏRMİN SƏFƏROVA

Comments (0)
Add Comment