Azərbaycan Universitetində Anım Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Universitetində “27 sentyabr-Anım Günü” münasibətilə tədbir keçirilib. Siyasi elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov və universitetin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Dadaşovun çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, 3 il bundan əvvəl səhərin erkən saatlarında ali baş komandan İlham Əliyevin Ermənistanın növbəti təxribatına cavab olaraq bütün cəbhəboyu əks-hücum əməliyyatına başlanmasına dair əmri ilə Azərbaycan xalqı Vətən müharibəsinə başlayıb. Təkcə Azərbaycanın deyil, bölgənin də tarixində yeni səhifə açan 2020-ci ilin 27 sentyabr günü böyük zəfərə gedən yolun başlanğıcıdır. Faktlarla diqqətə çatıdırlıb ki, Azərbaycanın igid əsgər və zabitləri, Azərbaycan xalqı prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək cəmi 44 gündə 30 illik işğala son qoyub. Əsgər və zabitlərimiz döyüş meydanında, xalqımız arxa cəbhədə, müzəffər ali baş komandan İlham Əliyev isə diplomatiya və siyasət meydanında böyük əzm, birlik, iradə və qətiyyət nümayiş etdirib. Cənab prezidentin “Bizi heç kim durdura bilməz. Çünki biz haqq yolundayıq” sözləri hər kəsdə ruh yüksəkliyi yaradıb, xalqı qələbəyə kökləyib.

Çıxışlarda vurğulanıb ki, bu gün biz həm qürurluyuq, həm də hüznlüyük. Qürurluyuq ona görə ki, 27 sentyabr zəfər dastanımızın başlanğıc günüdür. 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan xalqı üçün şanlı tarixdir. Hüznlüyük ona görə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrundan gedən döyüşlərdə canlarından keçmiş minlərlə şəhidimiz var. Azərbaycan xalqı və Azərbaycan dövləti qaziləri ilə qürur duyur, şəhidlərin xatirəsini daim uca tutur və ehtiramla yad edir.

Bildirilib ki, şəhidlik İslam dinində ən yüksək zirvədə dayanır. Təsadüf deyildir ki, erməni işğalından azad olunmuş ərazilərdə dərhal başladılan yenidənqurma və bərpa işlərində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin və məscidlərin bərpasına öncəlik verilib.

Sonda 44 günlük Vətən Müharibəsinin önəmli hadisələrini əks etdirən video-çarx nümayiş olunub. Humanitar fənlər fakültəsinin tələbələri Solmaz İlyazsadə və Günel Hümbətova ədəbi-bədii kompozisiya təqdim ediblər.

 

Comments (0)
Add Comment