Antiterror tədbirləri təhrik edən erməni təxribatları

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır.

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Azərbaycanın regionda antiterror əməliyyatı keçirməsi kifayət qədər hüquqi əsaslıdır. Məsələn, Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu antiterror əməliyyatı üçün əsl səbəblərdəndir. 10 noyabr razılaşmasının 4-cü bəndi hələ də icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər.

Eyni zamanda, ərazilərimizdə həyata keçirilən ekoloji terror, sərvətlərin talan edilməsi antiterror əməliyyatı üçün mühüm əsaslar yaratdı. Həmçinin qeyd edim ki, ötən ilin sonunda Azərbaycanın Qarabağ ərazisindəki yeraltı sərvətlərinin xarici şirkətlərin əli ilə erməni separatçıları tərəfindən talanması ilə bağlı faktlar açıqlanmışdı və bu məsələ ilə bağlı Azərbaycan dövləti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinq qərarı vermişdi.

Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.

Erməni separatçıları Qarabağda öz mövqelərini möhkəmləndirmək istəyirlər. Məqsədlərindən biri də ordumuza qarşı müxtəlif əməliyyatlar keçirməkdir. Onlar həm də ordumuzla öz aralarında təmas xətti formalaşdırmağa çalışırlar. Lakin 44 günlük Vətən müharibəsindən sonra təmas xətti anlayışı artıq yoxdur. Bütün hallarda ermənilərin bu hərəkətləri yolverilməzdir. Bütün bu təxribatların qarşısı alınmalıdır və alınır.

Eləcə də biz görürük ki, son zamanlar ermənilər həm şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlı missiyasının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində tez-tez ordumuzun mövqelərinə atəş açırlar. Əlbəttə ki, onlara layiqli cavab verilir. Amma bütün bunlar qeyri-qanuni erməni hərbi dəstələrinin Qarabağdan tamamilə çıxarılmasını zəruri edir. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının tələblərindən biridir. Ermənistanın hərbi birləşmələrinin müəyyən hissəsinin hələ də Qarabağda qalması bu sənədə ziddir.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.  Digər bir amil isə, separpatçıların başçılarının, xüsusilə Ruben Vardanyanın terror çağırışlarıdır. “Avantürizm xəstəliyindən” əziyyət çəkən Vardanyanın erməniləri “döyüşə” çağırması Azərbaycanın antiterror əməliyyatları başlaması üçün mühüm əsaslardan da biridir – Azərbaycan dövləti Vardanyanın terror çağırışlarını nəzərə alaraq onun haqqında qanuni şəkildə hüquqi müstəvidə ölçü götürmək hüququna malikdir. Ölkəmiz sülhü dəstəkləyir…

Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla Azərbaycanla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Son günlər bu ölkənin silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutur. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradır. Belə ki, Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən götürdüyü öhdəliklərə əməl etməlidir. Qarşı tərəf sabitliyin bərqərar olmasında maraqlı deyil.

Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Ordumuz bütün lazımi xəbərdarlıqları etmişdir. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

Bununla belə, ölkəmiz hər zaman olduğu kimi, sülhün tərəfdarı qismində çıxış edir. Azərbaycan qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir – 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır – Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Azərbaycan mövqeyində qətidir – Qarabağla bağlı heç bir məsələ müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Cənab Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziyalara müsahibəsində bildirmişdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər: “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.

Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilir, onlar içməli su və ərzaqla təmin olunur. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

 

Akif Rəfiyev,

Ağsaqqallar Şurasının Sədri, Qarabağ müharibəsi veteranı, Ədliyyə general mayoru

 

Comments (0)
Add Comment