“Ticarətin alqı-satqı mədəniyyətinin bir forması olaraq bəşəriyyətin həyatında yer alması məsələsi hər zaman gündəmdə olub. Bununla bərabər təbii ki, ticarət aparanla istehlakçı arasında konfliktlər də olub”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, şifahi xalq ədəbiyyatına, klassik ədəbiyyata fikir versək, insanların məhz ticarət edən zaman biri-birini aldatması və yaxud kələk gəlməsi həm yumor, həm də satira şəklində tənqid olunduğunu görərik: “Eyni zamanda bununla bağlı çoxsaylı lətifələr də var. Müasir dövrdə əlbəttə ki, istər real, istərsə də virtual formada ticarət şəbəkələrində alıcıların aldadılması faktları get-gedə çoxalır. Təbii ki, hər alıcını da aldatmaq mümkün olmur. Çünki diqqətli, savadlı insanlar hər detala fikir verirlər. Ticarət mədəniyyətinin özü səbr, savad, intellektual hazırlıq və məlumatlılıq tələb edir. Biz hər hansı bir mağazaya daxil olarkən, müəyyən məlumatlara sahib oluruq. Məhsulların kəmiyyət, keyfiyyət, saxlanma şəraiti və s. haqqında ilkin məlumatlara sahib olmalı və öyrənməliyik. Amma buna rəğmən hələ də insanları ticarət şəbəkələrində aldatmaq prosesi gedir. Xüsusilə də bu virtual aləmdə getdikcə genişlənir.

Əgər hər hansı bir ticarət obyekti insanları aldadırsa, bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etmək lazımdır. Bu cür yalan və saxta işlərlə məşğul olan şəxslər hər zaman məsələnin sosiallaşdırılmasından çəkinirlər. Eyni zamanda qanunvericilikdə dövlətin də bununla bağlı çox sərt qadağaları var. Əslində bu məsələ ilə bağlı çox sərt cəzalar olsa belə, biz vətəndaşlar buna bir o qədər də əhəmiyyət vermirik. Buna görə də bu cür hadisələrlə qarşılaşdıqda məsələyə ciddi yanaşmalı və müvafiq dövlət qurumlarına müraciət etməliyik”.

 

Müəllif: Səbinə Hüseynli

 

Comments (0)
Add Comment