Şəhid Milli Qəhrəmanın anım günündə ailəsi ziyarət edildi

Nəsrəddinov Rafiq Hüseyn oğlu 1961-ci ildə Bakı şəhərində dünyaya gəlib. O, orta təhsilini Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 39 saylı məktəbdə almış və hərbi qulluq zamanı tank qoşunlarında xidmət etmişdir .Daha sonra Bakı Dövlət Universitetində ali təhsilini başa vurduqdan sonra Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilmişdir.
Birinci Qarabağ savaşında Milli Ordu sıralarına qoşulan  Rafiq döyüş dostları arasında böyük hörmət qazanmışdı. Bunu nəzərə alan komandanlıq onu tank hərbi hissəsinin qərargah rəisi təyin etmişdir. O, Ağdərə rayonunun bir neçə kəndlərinin erməni işğalından təmizlənməsində dəfələrlə qəhrəmanlıq göstərmişdir.
Baş leytenant Rafiq Nəsrəddinov 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndində qəhrəmancasına şəhid olmuş və Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Oxuduğu 39 saylı orta məktəb onun adını daşıyır və məktəbdə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Bu gün Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev öz heyəti ilə birgə və Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri və Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Ədhəm Məmmədov öz heyəti ilə birgə qəhrəmanımızın xatirəsini yad etmək üçün ailəsi ilə görüşüb.
Biz də Vetenqehremanlari.az saytı olaraq qəhrəmanımıza rəhmət və ailəsinə səbr diləyirik.
Allah rəhmət eləsin!
Vetenqehremanlari.az
Nərmin Səfərova

Comments (0)
Add Comment