“Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirir. Layihə çərçivəsində növbəti – üçüncü tədbir Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzində şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, hərbiçilər, müəllimlər, mədəniyyət işçilərinin iştirakı ilə keçirilib.
Tədbirdə ilk olaraq çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov azərbaycançılıq ideologiyasından, ümumillilider Heydər Əliyevin və prezident İlham Əliyevin fəaliyyətindən söz açıb. O, eyni zamanda Xaçmaz rayonunda görülən işlərdən də bəhs edib.
Daha sonra şəhid Kərəm Veysovun anası Nərgiz Veysova oğlunun şücaətindən, şəhidlərimizin qanları ilə tarix yazmasından danışıb.
“N” saylı hərbi hissənin zabiti mayor Taleh Balabəyov azərbaycançılıq ideologiyasının formalaşması və inkişafından ətraflı bəhs edib. T.Balabəyov azərbaycanlı ziyalıların gördükləri işləri sadalayıb, sovet dövründə və müstəqillik zamanındakı ideoloji fəaliyyətlərdən danışıb. O, ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik zamanındakı fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb. Mayor Balabəyov 44 günlük müharibədən, prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan nəticələrdən də bəhs edib.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova ümummilli lider Heydər Əliyevin fəaliyyətini, onun müxtəlif sahələr üzrə etdiyi çalışmaları təhlil edib.
Sonda “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü azərbaycançılıq ideologiyasının yaranması və inkişafı haqqında danışıb. O, Rusiya tərəfindən xanlıqlar şəklində işğal olunan torpaqlarımızın Azərbaycan Xalq Cümhuriyyəti şəklində azad olmasını o dövrün ziyalılarının qəhrəmanlığı kimi qeyd edib. M.Göyüşlü daha sonra sovet dövründə ziyalılarımızın müstəqillik üçün çalışmalarını sadalayaraq Azərbaycan Respublikasının müstəqillik illərindən, azərbaycançılıq ideologiyasının daha da formalaşmasından da söz açıb. O, Qarabağın azadlığının ölkəmizin inkişafına mühüm təsir göstərəcəyini qeyd edib, bundan sonra prezident İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan qurmaq üçün çalışmağı zəruri hesab edib. M.Göyüşlü bütün dünya azərbaycanlılarının azərbaycançılıq ideologiyası altında birləşərək güclü Azərbaycanı quracağına inandığını vurğulayıb.