“Əgər keyfiyyətli yağdan istifadə edəcəyiksə, bunu mütləq şəkildə günün birinci yarısında səhər və ya günorta yeməklərində qəbul etməliyik. Axşam yeməklərində isə ümumiyyətlə yağ və yağlı qidalardan uzaq durmalıyıq”.
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a müsahibəsində deyib.
– Məhsəti xanım, yağın insan orqanizmi üçün faydaları nələrdir?
– İnsan orqanizmində faydalı olan makroelementlərdən biri də yağdır. Yağların gün ərzində mütləq şəkildə qəbul olunması vacibdir. Əgər keyfiyyətli yağ qəbul edəcəksinizsə, bu zaman heyvan mənşəli olan keyfiyyətli kərə yağı, nehrə yağı və yaxud da digər heyvan ətlərində olan yağlardan istifadə etmək olar. Həmçinin, bir çox faydalı bitki mənşəli yağlardan da istifadə etmək tövsiyə olunur. Onlar, çərəzlərin və bitkilərin tərkibindəki yağlardır. Bunlar da insan orqanizminə fayda verən yağlar sırasındadır. Sözügedən yağlar xüsusilə, səhər yeməklərində qəbul olunanda orqanizm üçün enerjiyə çevrilir, yorğunluğu aradan qaldırır, mərkəzi beyin sisteminin yaxşı çalışmasına və gözlərin yaxşı görməsinə səbəb olur.
– Bəs zərərli yağlar hansılardır?
– Bu gün bəzi qidalar tamamilə zərərli yağlardan hazırlanır. Onlar, həddindən artıq kalorili qidalar hesab olunur. Bunlar günümüzdə ən çox istifadə olunan “fast food” qidalardır. Pizza, kartof qızartmaları, cipslər, atışdırmalıq və qovrulmuş qidalarda zərərli yağdan və kimyəvi dadlandırıcılardan istifadə olunur. Həmçinin, şokolad yağından da uzaq durmaq tövsiyə olunur. Bunlar həddindən artıq çox yağla zəngin olan qidalardır və insan orqanizmi üçün olduqca zərərlidir.
Ümumiyyətlə, yağı bişirərkən onu həddindən artıq istiliyə məruz qoymamaq lazımdır. Belə olduqda, yağın tərkibində kanserogen maddələr əmələ gəlir və onlar da insan orqanizmində xərçəngin yaranmasına səbəb olur. Bir çox hallarda yağda qızardılmış və ya saydığımız zərərli qidaları qəbul etdikdən sonra insanlarda şişkinlik, mədə ağrısı, ürək bulanması və ishal meydana gəlir. Bu da həmin yağların orqanizmə ilkin olaraq vurduğu zərərlərin əlamətləridir.
– Zərərli yağlı qidalar insan orqanizmində hansı fəsadlara yol açır?
– Belə qidalar həddindən artıq yağlı olduğuna görə bağırsaqlarda faydalı bakteriyaların azalmasına gətirib çıxarır. Bu da bağırsaq mikroflorasının pozulmasına, mədədə narahatlıq, şişkinlik, ürək bulanması və bir çox hallarda ağrı ilə müşahidə olunan sipmtomların ortalığa çıxmasına səbəb olur. Bu qidaları davamlı olaraq qəbul edən insanlarda bağırsaq mikroflorası pozulduğunda orqanizmdə immun sistemi aşağı düşür. Bu da digər virus və bakteriya mənşəli yoluxmaları artırır. Belə qidalar ürək-damar sistemi üçün də olduqca zərərlidir. Çünki bu kimi qidaların tərkibindəki yağlar orqanizm tərəfindən həzm olunmur və ürək-damar tıxanıqlığına gətirib çıxarır. Bu isə ani ürək dayanmasına və qəfil ölümlərə belə səbəb ola bilər.
– Yağlı qidalar kimlər üçün daha zərərlidir?
– Şəkərli diabet və hipertoniya xəstələri yağlı qidaları qəbul etdikdə daha çox zərər görürlər. Bu zaman xəstəliyin artması və həmin insanların vəziyyətinin ağırlaşması, təzyiqin anidən yüksəlməsi və qanda şəkərin səviyyəsini qalxmasına səbəb olur. Bu da orqanizmin şok vəziyyətinə düşməsinə gətirib çıxara bilər.
Ümumiyyətlə, bu kimi yağlı qidaları qəbul edən insanlarda piylənmə və kökəlmə müşahidə olunur. Çünki həddindən artıq çox kalori qəbul edirlər. Bəzən bu qidalara əlavə edilən kimyəvi qatqı maddələri ağızdakı reseptorları pozur və həmin qidalarda asılılıq yaradır. İnsanlar davamlı olaraq bu qidaların dadını ağızlarında hiss etmək istədikləri üçün çox qəbul edirlər. Artıq kalori qəbul etdikləri üçün də piylənmə və köklük yaranır. Bu da daxili orqanların yağlanması və funksiyalarının pozulması ilə nəticələnir.
Bu kimi yağlı qidaların tərkibində vitamin və mineral balansı demək olar ki, qorunmur, hətta çox aşağı olur. Ona görə də orqanizmdə aşağı və yuxarı ətrafların da funksiyasının pozulmasına gətirib çıxarır. Gələcəkdə parkinson kimi təhlükəli xəstəliyə belə səbəb olur. Bəzən də bu kimi xəstəliklər həmin qidaları qəbul edən insanlarda çox erkən yaşda ortaya çıxır.
– Son olaraq, yağlı qidalarla bağlı oxuculara hansı tövsiyələri vermək istərdiniz?
– Unutmasınlar ki, zərərli yağlı qidaları qəbul edən insanlarda dəri problemləri və dəri xərçəngi həddindən artıq çox rast gəlinir. Xüsusilə, yeniyetməlik və digər yaşlarda dəridə səpkilər, eləcə də iltihablanmaya səbəb olur. Bu zaman həmin qidalardan da birdəfəlik imtina etmək lazımdır.
Nəzərə almaq lazımdır ki, yağlı qidalar beyin funksiyalarını pozduğu üçün uşaqlarda yuxusuzluq, yorğunluq və diqqət əskikliyinə səbəb olur. Ona görə də yağlı qidalardan istifadə etmək tövsiyə olunmur. Əgər keyfiyyətli yağdan istifadə edəcəyiksə, bunu mütləq şəkildə günün birinci yarısında səhər və ya günorta yeməklərində qəbul etməliyik. Axşam yeməklərində isə ümumiyyətlə yağ və yağlı qidalardan uzaq durmalıyıq. Xüsusilə də günlük qəbul edəcəyimiz heyvan və bitki mənşəli keyfiyyətli yağlardan istifadə olunmalıdır.
Ümumiyyətlə, piylənmə, kökəlmə, ürək-damar xəstəliyi, şəkərli diabet, dəri xəstəlikləri və beyin funksiyalarının pozulmasından uzaq olmaq üçün zərərli yağlı qidaları qəbul etməmək lazımdır.
Pərviz