Bakıda 10 min borcu olan şəxsin qazı və işığı niyə kəsilmir? – AÇIQLAMA

Sabunçu rayonu Bilgəh qəsəbəsi sakini uzun müddətdir qaz və işıq pulu ödəməsə də, kəsintisiz olaraq enerjidən istifadə edir.

Bu barədə Metbuat.az-a məlumat daxil olub. Adının hallanmasını istəməyən vətəndaş bildirir ki, qonşusunun – Sabunçu rayonu Bilgəh qəsəbəsi, 28 aprel küçəsində yaşayan şəxsin “Azəriqaz” və “Azərişığ”a böyük məbləğdə borcu olsa da, enerji və qaz təminatı kəsilmir.

Şikayətçi iddia edir ki, həmin şəxsin “Azəriqaz”a 11.157,13 manat, “Azərişığ”a isə 5.380,66 manat borcu var:

“Bu ailənin borcu olmasına baxmayaraq çox rahat şəkildə enerjidən istifadə edirlər. Əgər hər hansı bir vətəndaşın bu adı hallanan qurumlara bir manat belə borcu olsa, həmin gün həm işıqları, həm də qazları kəsiləcək. Nə üçün aidiyyatı qurumlar bu kimi hallara göz yumur və borcun tələb edilməsinə çalışmırlar?”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Metbuat.az-a bildirdi ki, məsələ araşdırılmaq üçün nəzarətə götürülüb.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən isə saytımıza bildirdilər ki, bu barədə geniş araşdırılma aparıldıqdan sonra məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Metbuat.az

Comments (0)
Add Comment