Akif Ağatalıbov 2002-ci ildə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasını (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın 10 il sədri olub. Onun fəaliyyəti nəticəsində adı çəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb. Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru olub.
Akif Ağatalıbovu 66 yaşı tamam olması münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!