Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşir oğlu belə təkliflə çıxış edib. Azərbaycan Respublikasının hərbi doktrinası 2010-cu ildə qəbul edilib. Hərbi doktrinanın 75-ci maddəsində qteyd olunur ki, Azərbaycan Respublikasının dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq, doktrinada dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etmək olar. Bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişmişdir. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırılıb. Müvafiq olaraq, Azərbaycan Respublikasının Hərbi doktrinasında da dəyişikliklər etmək lazımdır. Azərbaycan Respublikası həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin yaradılması missiyasını da öz üzərinə götürüb. Hərbi doktrinada bu məqamın da ifadə olunması yaxşı olardı. Azərbaycan Respublikasının təhlükəsizliyinə olan təhdidlərin də xarakteri dəyişib. Doktrinada yeni reallıqlara uyğun dəqiqləşdirmələrin və dəyişikliklərin edilməsi zəruridir. Xüsusilə də, Doktrinanın 14, 15, 16, 21 və s. maddələrində dəqiqləşmənin aparılması lazımdır. Azərbaycan ərazisində separatizmə açıq dəstək verən Fransa ilə bağlı müvafiq məqamlar öz ifadəsini tapmalıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Fransanın davranışları ilə bağlı münasibətini açıq bildirdi. Bütün bunlar bir daha Azərbaycan Respublikasının Hərbi doktrinasında müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini göstərir.