Bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasir tələblərə cavab verən, müasir silahlara sahib güclü orduya sahib bir ölkədir. Ordumuzun gücləndirilməsi, hərbçilərimizin yaşayış səviyyəsinin artırılması bu gün də dövlətimiz üçün prioritet məsələ olaraq qalır.
30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun şücayəti və qəhrəmanlığı sayəsində azad edildi. Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı tarixi ədalət bərpa olundu. Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradıldı və komandoların sayı gündən-günə artır. Cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində iştirak edən Prezident cənab İlham Əliyev gələcək hərbi strategiyamız haqqında çox məzmunlu nitq söylədi. Müzəffər Ali Baş Komandan bildirdi ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.
Ölkə başçısı onu da vurğuladı ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf edir və yaxın gələcəkdə Ordumuz daha yüksək səviyyəyə qalxacaq. Həqiqətən də, müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusu daha da güclənib. Bununla bərabər, digər qüvvələrdə şəxsi heyətin say tərkibi genişləndirilir, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılır. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları qəhrəmanlıq və peşəkarlığı dillər əzbəri oldu və hərb tarixinə düşdü.
Azərbaycan Ordusu müharibədən sonra da bir neçə dəfə Ermənistana öz gücümüzü göstərdi. Ordumuz heç bir düşmən təxribatını cavabsız qoymur. Ermənistan himayədarlarına arxalanaraq bölgədə özünü sözə baxmayan uşaq kimi aparır, təxribatlar törədir. Amma unutmasınlar ki, Dəmir yumruq yerindədir. Sərhədlərimizin sənəd üzərində tanınması, silahlı ermənilərin Qarabağdan çıxarılması və Zəngəzur dəhlizinin açılması bizim əsas tələblərimizdən biridir. Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır: “Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Biz öz torpağımızda müharibə aparmışıq, bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında layiqli yer tutur. Bizim komandoların dəf edə bilməyəcəyi maneə yoxdur . Sözsüz ki, bu ölkə rəhbərliyinin hərbi quruculuq istiqamətində yürütdüyü məqsədyönlü fəaliyyətinin nəticəsidir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə daha güclü olacaq Azərbaycan Ordusunun yeni zəfərlərinin şahidi olacağıq.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı