Fransada Azərbaycan Televiziyasının çəkiliş qrupuna qarşı törədilən zorakılıq aktı təkcə Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edilməlidir. Müasir dünyada jurnalistə qarşı bu cür hərəkətlər, xüsusilə də demokratiyadan, insan haqlarından ağız dolusu danışan, KİV-in müstəqil fəaliyyətindən, jurnalistlərin qorunmasından dəm vuran, Avropanın Femidası imici yaratmağa cəhd edən, lazım oldu-olmadı özünü ona aid olmayan məsələlərə pərçim etməyə, məsələnin mahiyyəti belə bilmədən apanentlərə “ağıl öyrətməyə” çalışan Fransa kimi bir ölkədə belə hadisənin baş verməsi təəccüblüdür. Ən diqqətçəkən məqam isə bu hadisəyə Fransa rəsmi strukturlarının münasibəti, hətta tam laqeydliyi, susqunluğu, görməməzlikdən gəlməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
O bildirib: “Görəsən bu hadisənin baş verməsi və olaya bu cür “münasibət” nədən qaynaqlanır? Axı Fransa hökuməti dünyanın o başında (məsələn, elə Azərbaycanın Qarabağ regionunda) bir vətəndaşın yalançı, böhtan xarakterli səs-küyünə, qara-qışqırığına dərhal reaksiya verir, həmin şəxsin hüquqları barədə moizə oxuyur. Nəyə görə öz paytaxtında bu hadisələrin – insanların təhlükəsizliyinin təmin edilməməsi, onların hüquqlarının pozulması, həmçinin jurnalistin normal fəaliyyətinin qarşısının alınması, ona qarşı göstərilən şiddət bir yana, baş vermiş qeyri-qanuni hadisəyə, törədilmiş cinayətə qarşı bu qədər “soyuqqanlı” davranış sərgiləyir.
Nəzərə çatdırmaq lazımdır ki, bu hadisə mətbuat azadlığı, KİV-in fəaliyyətini tənzimləyən bütün normalara, aktlara ziddir. Fransa hökumətinin bu pozuntuya adekvat olmayan reaksiyası beynəlxalq normalara hörmətsizliyi kimi qiymətləndirilməlidir”.
QHT sədrinin sözlərinə görə, BMT-nin, Avropa İttifaqının, Avropa Şurasının müvafiq strukturları, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Federasiyası bu hadisəyə dərhal reaksiya verməli, hadisə ilə bağlı qəti tədbirlərin görülməsinə nail olunmalıdır. “Görəsən bu davranış Fransanın Azərbaycana, jurnalistlərimizə, vətəndaşlarına olan münasibətdir? Fransa Prezidentinin, bu ölkənin rəsmi dairələrinin son illər Azərbaycana qarşı apardığı qərəzli, qeyri-obyektiv davranışı, heç bir beynəlxalq hüquqa söykənməyən, diplomatik, dövlətlərarası münasibət normalarına sığmayan birtərəfli, saxta və riyakar münasibəti bu fikrin yaranmasına əsas verir. Yox əgər elə deyilsə, onda Fransanın söz, fikir və mətbuat azadlığına, KİV-ə, jurnalistikaya münasibəti, insan haqlarına münasibəti budurmu? Axı həqiqətən də Avropanın qabaqcıl dövlətlərindən olan, dünyaya bir çox yenilikləri, o cümlədən mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində görkəmli nümunələr bəxş edən, Aleksandr Dümanın, Pyer Kürinin, general de Qollun, Onore de Balzakın, Viktor Hüqonun və digərlərinin vətəni olan Fransa budurmu? Məncə əsl Fransa bu deyil”, – deyə QHT sədri diqqətə çatdırıb.