“Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir”

Hər kəsə məlumdur ki, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Azərbaycanın müstəqilliyini də tanıyan ilk dövlətlərdən biridir.

Heç şübhəsiz, çoxəsrlik tarixi və özünəməxsus ənənələri olan Azərbaycan-Pakistan əlaqələri ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra daha ardıcıl və sistemli şəkildə inkişaf etməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, eyni zamanda, Pakistan İslam Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı surətdə ölkələrimizə rəsmi səfərlərinin həyata keçirilməsi ən müxtəlif sahələri əhatə edən çoxsaylı razılaşma sənədlərinin imzalanması, hər iki ölkə tərəfindən atılmış əhəmiyyətli addımlar əlaqələrimizin möhkəm təməllərini təşkil edir və bütün sahələr üzrə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə tam təminat verir. Hazırda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı münasibətlər bərabərhüquqlu ölkələrin qarşılıqlı etimadı şəraitində formalaşmış, çətin sınaqlardan çıxmış və inkişaf etməkdə davam edən əlaqələrin əsl nümunəsi hesab oluna bilər.

Bildiyiniz kimi Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 14-15 iyun tarixlərində Azərbaycana rəsmi səfərdə oldu. Səfər çərçivəsində qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq müzakirə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış etdilər.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəsinin qardaş Azərbaycanın ərazi bötövlüyünü hər zaman dəstəklədiyini bir daha bəyan edib.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir: “Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.

Ümumiyyətlə, iki dövlət arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Onuda qeyd edim ki, ikitərəfli münasibətlərin inkişafında təhsil sahəsi də xüsusi yer tutur.

Yeri gəlmişkən bu dost ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.

Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Yuxarıda da qeyd edildiyi kimi, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçıları səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.

 

Nəzakət Talıbova, Əməkdar müəllim

Comments (0)
Add Comment