Laçın sərhəd-buraxılış məntəqəsində baş vermiş təxribat və xaincəsinə törədilmiş qəsd nəticəsində sərhədçimizin yaralanması, əlbəttə ki, məqsədli şəkildə törədilmiş bir aktdır. Bu hərəkətin məqsədi və arxasında duranların “qulaqları” aydın görünür. Təbii ki, hazırda Azərbaycan-Ermənistan arasında gedən proseslər, danışıqların sülh prosesinin intensivləşməsi ilk növbədə Rusiyanı və onların çaldığı hava ilə oynayan bəzi ruspərəst, revanşist daşnakları ciddi narahat edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
O bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsində ermənilərin maneəsiz-gediş gəlişinin intesivləşməsi, qəhrəman Azərbaycan sərhədçilərinin peşəkar, mədəni, obyektiv davranışı, artıq bu prosesin adiləşməyə başlaması da bu qüvvələrin illərdir yaratdıqları yalançı mifi alt-üst edirdi. Belə ki, onlar Qarabağ ermənilərini daim qorxu içində saxlamaq, inteqrasiyanın qarşısını almaq üçün Azərbaycanla bağlı özlərinə xas tərzdə qorxulu nağıllar uydurmuşdular. “Artıq erməni xalqı özü bu yalanları ifşa etməyə başlamışdı. Bu mənfur və təxribatçı qüvvələri narahat edən vəziyyət isə sülh prosesi nə qədər uğurlu irəliləyirsə, Ermənistan-Azərbaycan münasibətləri nə qədər yaxşılaşarsa onların bu günə qədər həyata keçirdikləri “bulanıq suda balıq tutmaq” kimi iyrənc fəaliyyətlərinin sonu olmasıdır. Amma bilməlidirlər ki, Azərbaycan Respublikası yolunu uğurla davam etdirəcək. Əl-ayağa dolaşanların isə cəhdləri əbəsdir, onlar elə ayaq altında qalacaqlar”, – deyə Ə.Abbasbəyli qeyd edib.