Azərbaycan elminin himayədarı – Heydər Əliyev

 

Bütün həyatı boyunca Azərbaycan aliminə və elminə elə ilk gündən yüksək qayğı göstərən Ulu Öndər Heydər Əliyev bu sahədəki fəaliyyətini də ardıcıl və sistemli şəkildə həyata keçirirdi. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərinin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı, Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi və s.
Ümummilli lider Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda elmi işçilərin sayı artır, alimlərin hazırlanmasına xüsusi diqqət verilirdi.
Keçən əsrin 70–80-ci illərində yeni elm sahələrinin, elmi istiqamətlərin yaranması respublikamızda elmin inkişafına çox müsbət təsir göstərmişdi. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə kimya, neft emalı və neft-kimya sənayesinə kapital qoyuluşu artırılmış, bu sahədə ən qabaqcıl texnologiya tətbiq olunmuşdur. Neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdur. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Ulu Öndərin uzaqgörənliyi ilə Azərbaycanda onlarla nəhəng sənaye kompleksi-neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradıldı ki, bunlar da elmin sürətli inkişafını təmin etdi.
Heydər Əliyev respublika alimlərini və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasına yönəldirdi. Bilavasitə bu dahi insanın himayəsi altında ölkəmizdə elmin ən perspektivli sahələri üzrə elmi-tədqiqat işləri aparılırdı. 70-80-ci illərdə – 10 il ərzində Elmlər Akademiyası alimlərinin tədqiqatlarının istehsalata tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 570 milyon manatdan çox olmuş, 1000-dən çox müəlliflik şəhadətnaməsi almışlar. 1970-1985-ci illərdə iqtisadi səmərəyə malik 850-yə yaxın iş xalq təsərrüfatında tətbiq edilmiş, 2280 elmi, elmi-tədqiqat və xalq təsərrüfatı əhəmiyyətli nəticə alınmışdı.
Xalqımızın mənəvi həyatında əlamətdar hadisə olan çoxəsrlik tariximizdə ilk universal-milli on cildlik Azərbaycan Ensiklopediyasının meydana gəlməsi də Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu ensiklopediya Heydər Əliyev dövrünün təkzibedilməz mənəvi abidəsidir.
Elmə dövlət qayğısının artmasının göstəricisindən biri də bu illərdə Elmlər Akademiyasının bir çox elmi-tədqiqat institutları, digər qurumları üçün yeni inzibati binaların, korpusların tikilməsi və yenidən qurulmasından ibarət olmuşdur. Bu tikililərin arasında genetika və seleksiya, zoologiya, aşqarlar kimyası institutlarının binalarını, aspirantura yataqxanasını, bir sıra mühəndis-laboratoriya korpuslarını göstərmək olar.
Ümummilli lider bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə humanitar elmlərə yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və dilini dərindən sevən Heydər Əliyev rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq, respublika iqtisadiyyatı və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsi və inkişafına da daima diqqət yetirmişdi. Ulu öndərin hakimiyyəti illərində Azərbaycan dilinə, Azərbaycan tarixinə, mədəniyyətinə dair elmi-tədqiqatların aparılması və monoqrafiyaların nəşri xeyli artırıldı.
1993-cü il Azərbaycan tarixində, müstəqil dövlətçilik tariximizdə, respublikamızın ictimai-siyasi fikir tarixində dönüş ili kimi yadda qalmışdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elmə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərmişdi. Heydər Əliyev hələ Azərbaycan prezidenti seçilməzdən əvvəl ziyalılarla ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında keçirmişdir ki, bunu da yalnız ölkə rəhbərimizin alimlərə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə izah etmək olardı. Bu, həm də ölkəni 1993-cü ilin iyununadək idarə etmiş səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizliklərdən irəli gələn narahatlıqlarla bağlı idi.
Xalq 1993-cü ildə Heydər Əliyevi Azərbaycanın xilaskarı kimi ikinci dəfə hakimiyyətə gətirdi. Azərbaycan dövləti parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, Bu, eyni zamanda, Azərbaycan elminin xilası demək idi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ziyalıya, alimə və elmə hörməti də geri qaytardı.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini, müəyyənləşdirdiyi siyasəti inamla və uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyini məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamışdır.
Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Günel Aslanlı – AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Comments (0)
Add Comment