Dənizkənarı Bulvar İdarəsi Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq.
Dənizkənarı Bulvar İdarəsindən saytımıza bildirilib ki, Bulvarın mühafizəsi üçün lazım olan bütün addımları atıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-səhmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür.
Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hisssi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur.
Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır.