Ermənistanın vandal, barbar, faşist simasının növbəti təzahürü – Şuşada kütləvi məzarlıq

Şuşa həbsxanası yanında kütləvi məzarlığın aşkar olunması azərbaycanlıların qanunsuz saxlanılaraq onlara ağır işgəncələr verildiyini sübut edir. Azərbaycanlılara qarşı törədilmiş bu vəhşilik, onların kütləvi məzarlıqda dəfn edilməsi insanlıq məfhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır. Xüsusilə qeyd etməliyik ki, ötən dövr ərzində Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları aşkar edilib.
Təəssüflər olsun ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində erməni faşizminin vandallığına məruz qalıb. Otuz ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmə, müharibə və insanlıq əleyhinə cinayətlər törədilib. Şuşa həbsxanası yanında kütləvi məzarlığın aşkar edilməsi də Ermənistanın vandal, barbar, faşist simasının növbəti təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O təəssüflə bildirib ki, ötən əsrin əvvəllərində olduğu kimi Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra ermənilər tərəfindən xalqımıza qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirilib. 1992-ci ildə Xocalı soyqırımı, sonrakı illərdə Daşbaşı, Daşaltı, Başlıbel, Malıbəyli kəndlərində ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıq nümayiş etdiriblər. Xalqımıza qarşı məqsədli, düşünülmüş şəkildə soyqırımı və etnik təmizləmə siyasəti yürüdülüb. Bu günə qədər 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat yoxdur. Ermənilər bu faktın üstünü örtməyə çalışsalar da, həqiqət göz qabağındadır. Bu barədə Prezident İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdən məsələyə münasibət bildirib. Həmin 4 minə yaxın şəxs vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetirilib. Ermənistan tərəfi isə bu məsələni ört-basdır etməyə çalışır, onların kütləvi məzarlığını da gizlədir və heç bir məlumat vermir. Əlbəttə, bu, qəbulolunmazdır. Ermənistan tərəfi nə qədər tarixin üstünü örtməyə çalışsa da, aşkar olunan kütləvi məzarlıqlar onların əsl simasını bütün dünyaya nümayiş etdirir. Şuşa həbsxanası həndəvərində tapılan kütləvi məzarlıqda ən azı 4 şəxsə məxsus meyit qalıqları aşkarlanıb. Bu fakt ermənilərin vandal, faşist xislətinin növbəti sübutudur. Eyni zamanda, bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunun əyani göstəricisidir. Ehtimal olunur ki, onlar Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aiddir. Bununla da bir daha gördük ki, Ermənistan tərəfi 30 ilə yaxındır, beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız yanaşıb.
Dünya birliyinin, aparıcı beynəlxalq təşkilatların bununla bağlı heç bir reaksiya vermədiyini bildirən T.Cəfərova deyib: “Bu, Azərbaycana qarşı olan ikili yanaşmaların növbəti nümunəsidir. Beynəlxalq təşkilatlar Ermənistanın törətdiyi cinayətləri yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olduğu halda, ikili standartlardan çıxış etməyə davam edir. Əlbəttə, biz Ermənistanın məsuliyyətə cəlb olunmasına nail olacağıq. Amma qeyd etdiyimiz kimi, bir çox hallarda beynəlxalq instansiyaların qeyri-obyektiv mövqe sərgiləməsi ona dəlalət edir ki, təcavüzkara dəstək olunur və onu yeni cinayətlərə həvəsləndirmək cəhdləri müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, beynəlxalq instansiyalar taleyi bu günə qədər məlum olmayan 4 min soydaşımızla bağlı Ermənistana suallar ünvanlamalıdırlar. Ən azından bilirik ki, Ermənistan tərəfi onları işgəncələrə məruz qoyublar, qətlə yetiriblər. Heç olmasa onların aqibəti ilə bağlı məlumatları təqdim etməlidirlər. Burada da beynəlxalq instansiyaların təsirli rolu ola bilər. Təəssüf ki, burada da beynəlxalq instansiyaların ikili standartlar nümayiş etdirdiyinin şahidi oluruq”.
Bu gün Şuşanın azad olduğunu vurğulayan deputat bildirib ki, Azərbaycan dövləti Ermənistanın törətdiyi müharibə cinayətlərini hərtərəfli araşdırır və faktlarla ifşa edir. Şuşada aşkarlanan insan qalıqları Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqlar seriyasının ardıdır. Hazırda Füzuli istiqamətində də oxşar axtarışlar gedir. Ermənistan dinc azərbaycanlı əhaliyə – girovlara, o cümlədən əlinə düşmüş Azərbaycan hərbçilərinə – əsirlərə qarşı törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək.
“Dünya reallığı görməkdə çətinlik çəksə də, fakt faktlığında qalır. Ermənistan vandal, cinayətkar, faşist bir dövlətdir və bunun bütün sübutları işğaldan azad olunan ərazilərimizdədir. Şübhəsiz ki, erməni separatçıları, vandalları törətdikləri bütün cinayətlərə görə cavab verməli olacaqlar. Bunun üçün də bütün bu məsələləri daxili auditoriya ilə yanaşı, beynəlxalq ictimaiyyətə də sistemli şəkildə çatdıraraq ictimailəşdirmək olduqca vacibdir”, – deyə Tamam Cəfərova vurğulayıb.

Comments (0)
Add Comment