“Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir”

 

Təməli 1994-cü ildən ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sərgi artıq hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib. İlk dəfə reallaşanda o, “Xəzər dənizində neft-qaz hasilatına dair sərgi” adlanırdı. İndi sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, hər il sərgi ilə yanaşı, eyni adlı konfrans da keçirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin hər dəfə tədbirin açılışındla iştirakı, ekspozisiyalarla tanış olması sərgi-konfransın əhəmiyyətini bir daha təsdiqləyir. Bu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak edib. Sərginin açılışında çıxış edərkən dövlət başçısı demişdir: “1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu”. Ölkə başçısı tədbirdəki çıxışında ölkəmizin neft sənayesinin keçdiyi şərəfli yoldan bəhs etdi.
İlk sərgidən keçən dövr ərzində neçə-neçə qlobal layihələr reallaşıb. Dünyada Azərbaycana maraq gündən-günə artır. Bu isə onu göstərir ki, ölkəmiz neft aləmində öz mövqelərini əldən vermir. İndi Azərbaycan 28-ci beynəlxalq neft-qaz sərgisinə ev sahibliyi edir. Bu da onun gərəkli tədbir olduğunu, ümumiyyətlə isə Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır. Zəngin enerji ehtiyatlarına və əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Respublikamızın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını inamla davam etdirən Prezident cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir.
Xüsusilə qeyd etmək lazımdır ki, son onilliklərdə neft və qaz yataqlarında yeni texnika və texnologiyadan istifadə istiqamətində böyük işlər görülüb. Ümumiyyətlə, ötən dövr ərzində əldə edilən böyük nailiyyətlər, zəngin təcrübə gələcək işlər üçün çox yaxşı bünövrədir.
Birinci neft-qaz sərgisindən başlanan yol Azərbaycanı mötəbər enerji sammitlərində fəal iştirak etmək, yeni strateji meqalayihələrə qoşulmaq perspektivinə qovuşdurur.

Əbilfəz Mahmudov, Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvü, energetik

Comments (0)
Add Comment