Laçında bütün lazımi şərait yaradılır

Hərb meydanında sözünü deyən Azərbaycan bu gün Qarabağda quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. Vətən müharibəsindən ötən müddət ərzində həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələr həyata keçirilib və bu davam edir.

Dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. Mayın 28-i tarixində Prezident cənab İlham Əliyevin Laçın rayonuna səfəri bir daha göstərdi ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini bərpa edəcək.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilmişdir. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayında AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətə gəldikdən sonra mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi və insanlar artıq öz yurdlarına qayıdır.

Ölkəmizin başçısı Laçın rayonuna səfəri zamanı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının açılışında, rayonun Qorçu və Şəlvə kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlqoyma mərasimlərində  iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkındakı işlər və Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində  istiqamət bildirən lövhələrin və “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını etdi. Bütövlükdə Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Yerigəlmişkən, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülübdür. Bütün bunlar buraya qayıdan laçınlıların rahat şəraitdə yaşamasının təminatıdır. Bildiyimiz kimi, artıq Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesi aparılır. Bu ərazilər də tamamailə inşa edilərək Prezidentimizin dediyi kimi bu ilin sentyabrına qədər sakinlərin istifadəsinə veriləcəkdir.

Mayın 28-də Prezident cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Dövlət başçımız sakinlərlə görüşü zamanı Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı ölkəmizin açıq və dəqiq mövqeyini bir daha səsləndirdi və bununla da həm Ermənistana, həm də onun havadarlarına lazımi mesajlar verdi.

Ümumiyyətlə, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir.

 

Aybəniz Əliyeva, Binəqədi RİH yanında İctimai Şuranın üzvü

 

 

 

Comments (0)
Add Comment