Ermənistan baş naziri N.Paşinyanın mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında verdiyi açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi siyasi cığallığından əl çəkmək niyyətində deyil. Ötən dövr ərzində N. Paşinyan bir-birini təkzib edən, biri digərini şübhə altına qoyan o qədər ziddiyyətli bəyanatlara müəlliflik edib ki, onun hansısa mövqeyinə sadiq qalacağına cəmiyyətimizdə çox az adam inanır. Həm də təkcə cəmiyyətimizdə yox. Aydındır ki, Paşinyanın ziddiyyətli bəyanatlarının və mövqe dəyişkənliyinin arxasında nə qədər uğursuz olsa da, açıq-aşkar görünən manevr cəhdləri və vaxt udmaq istəyi dayanır. Nəticədə isə özü haqqına qeyri-ciddi opponent və ya sözünə yiyəlik edə bilməyən etibarsız siyasi ünvan sahibi imicinin formalaşmasına əsas verir. Budəfəki Moskva görüşü də istisna olmadı.
Bu görüşdən üç gün əvvəl N.Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz etdi. Bu, təkcə siyasi cığallıq və ya manevr naminə edilən uğursuz manipulyasiya cəhdi deyil. Bu, dəfələrlə üzləşdiyimiz erməni riyakarlığının rəsmi səviyyədə təzahürünün növbəti biabırçı nümunəsidir. Prezident İlham Əliyev Ermənistanın hökumət başçısına elə yerindəcə haqq etdiyi cavabı verərək, onu həsəd aparılmayacaq bir vəziyyətə saldı: “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub… Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir”.
Amma Paşinyana nə olmuşdusa, yaxud ona nə etmişdilərsə və ya hansı psixoloji basqının altındaydısa, heç cür sakitləşmək bilmir, getdikcə özünü daha gülünc vəziyyətə qoyurdu. Paşinyanın iddialarının absurdluğu o səviyyəyə çatdı ki, o, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti verdiyi cavabla onsuz da özünü gülünc vəziyyətə qoyan Ermənistan baş nazirini daha acınacaqlı duruma saldı: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır… “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
Ermənistanın hökumət başçısının ən çox istinad etdiyi sənəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat idi. N.Paşinyan həmin sənədi yada salaraq bildirdi ki, Bəyanatda “dəhliz” sözü yalnız Laçın yolu ilə bağlı işlədilir və onun fikrinə görə, “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsi elə bu səbəbdən yolverilməzdir. Amma Paşinyan yenə də riyakarlıq edərək unutdu ki, həmin sənəddə Azərbaycan ərazisinin əsas hissəsinin Naxçıvanla quru yolla birləşdirilməsini nəzərdə tutan müddəa təsbit olunub. Paşinyanın özünün də imza atdığı həmin sənədin 9-cu bəndində təsbit edilib ki, bu yolda nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qurumu həyata keçirəcək. Əgər bu, adi yoldursa, niyə orada Rusiyaya aid olan dövlət orqanının nəzarət mexanizmi nəzərdə tutulurdu? Ermənistan rəhbərliyi seçmə üsulu ilə hansısa öhdəliyinin icrasından imtina etmək fikrinə düşübsə, bilməlidir ki, onun heç bir addımı qarşılıqsız qala bilməz və qalmayacaq. Azərbaycan Prezidenti bunu dəfələrlə ən müxtəlif platformalardan açıq şəkildə bəyan edib. Prezident İlham Əliyevin bu cavabı isə N.Paşinyana əsl diplomatiya dərsi oldu: ”Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.
Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi. N.Paşinyan görüşlərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada keçirilməsindən asılı olaraq, əvvəllər də bu cür manipulyasiyalar edirdi. O, bu dəfə də Ermənistan siyasətinin riyakar ənənəsinə sadiq qaldı. N.Paşinyan bunu erməni cəmiyyətinin könlünü almaq, oradakı etiraz səslərini yumşaltmaq məqsədilə edir, yoxsa hansısa xarici dairələrin təlimatından kənara çıxa bilmir, bu, başqa bir təhlilin mövzusudur və əslində, o da nəticəni dəyişmir. Səbəblərindən asılı olmayaraq, bilməliyik ki, Ermənistan işğal dövründə sərgilədiyi siyasi oyunbazlığı indi davam etdirir və bundan sonra da davam etdirəcək. Onu da bilməliyik və əslində, artıq bilirik ki, Ermənistanda Paşinyana qarşı fəallaşan revanşistlərin arxasında erməni lobbisi ilə yanaşı, məlum xarici ölkələr də dayanır. Nə qədər qəribə olsa da, bu, yalnız bir ünvanla məhdudlaşmır. Xankəndidəki qondarma separatçı rejimin yaydığı bəyanat isə təkcə Paşinyana qarşı yönəlməyib. Bu, həmin ünsürlərin əli ilə həm də Azərbaycana edilən təzyiq cəhdidir. Açıq-aydın görünən odur ki, vasitəçilik həvəsində olan bütün dairələrin hədəfində humanitar niyyətlərdən daha çox, Cənubi Qafqaza təsir uğrunda apardıqları maraq savaşı dayanır. Bu mənada Moskva görüşünə ev sahibliyi edən Prezident Vladimir Putinin açıqlaması xüsusilə diqqət çəkir: “Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub”.
Təxminən eyni məzmunlu bəyanatları digər formatların ev sahiblərindən də eşitməkdəyik. Bütün bunları görüb bildiyimizdən həm də ona xüsusi dəyər verməliyik ki, bir-birini qəbul etməyən həmin formatların hər birində Azərbaycanın maraqlarını qətiyyətlə qoruyan yalnız bir ünvan sahibi var. Prezident İlham Əliyev yerləşdiyimiz coğrafiyadan da yan keçməyən geosiyasi proseslərin mürəkkəbliyinə, müxtəlif təsir və təzyiq cəhdlərinə baxmayaraq, milli maraqlarımızın qorunması naminə bədxahlarımızın və hətta erməni cəmiyyətinin də həsəd apardığı səviyyədə siyasi iradə və ləyaqət nümayiş etdirir. Bu, həqiqətən, qürurvericidir! Qalib və məğlub mövqe sahibləri arasındakı fərqi görmək üçün yuxarıdakı səhnəni izləmək yetərli idi…
Ülvi Quliyev
Milli Məclisin deputatı