Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində Azərbaycanın rolu

Prezident İlham Əliyev: “Azərbaycan maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcək”

Bu gün Azərbaycanı Avropa ölkələri də özlərinin ən etibarlı tərəfdaşlarından biri hesab edir. Xüsusən son illərdə Azərbaycanla Avropa ölkələri arasında münasibətlər daha da dərinləşib və bu, artıq yeni məzmun kəsb edir. Avropa ölkələri əsasən Azərbaycanla neft-qaz, eləcə də yaşıl enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Hətta Avropanın bir çox ölkələri Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyə də başlayır. Bu baxımdan, əsasən “Ağıllı” kənd və texnologiyalarla bağlı layihələr üzərində iş aparılmaqdadır. Ümumiyyətlə, Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, sosial inkişaf və digər sahələrdə Avropa ölkələri ilə əməkdaşlığını inkişaf etdirir. Prezident İlham Əliyev 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında Avropa ölkələri ilə bu kimi əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq vurğulayıb: “Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır. Ümumilikdə, Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var – təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Anlaşma Memorandumuna əsasən, biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu il isə bu rəqəm 12 milyard kubmetr olacaq”.

Cənab Prezidentin çıxışında Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simsonun Azərbaycanı “ümumavropa qaz təchizatçısı adlandırıb”, – deyə fikrini xatırlatmasından da bir daha görünür ki, ölkəmiz Avropa üçün nə dərəcədə önəmli tərəfdaşdır. Azərbaycan üçün bu istiqamətdə fəaliyyət təkcə kommersiya deyil, eyni zamanda strateji məqsəd daşıyır. Buna görə də dövlətimizin enerji təhlükəsizliyi baxımından perspektiv planları genişdir. Prezident İlham Əliyevin çıxışında “Azərbaycan maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcək” deməsi dövlətimizin strateji planları haqqında aydın təsəvvür yaradır. Bu baxımdan Prezident perspektivli qaz yataqları haqqında da danışıb: ““Şahdəniz” yatağından əlavə qaz gözlənir. Təqribən dörd ildən sonra “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil ediləcək. “Abşeron” yatağından qaz təchizatının başlanılması ehtimalı var. İlk mərhələdə “Abşeron”dan 1,5 milyard kubmetr əldə edəcəyik. “Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var, BP və SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və ”Babək” yataqlarının böyük potensialı var. “Qarabağ” neft yatağımız var və orada da potensial var”.

Qeyd edək ki, əvvəlki üç tədbirdə olduğu kimi, bu tədbirdə də müxtəlif ölkələrin beyin mərkəzlərinin nümayəndələri iştirak edərək Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı müzakirələr aparıblar. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin ifşası və işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox önəmlidir. Bu konfrans bir çox xarici ölkələrdən gələn iştirakçıların keyfiyyəti və sayına da görə diqqət çəkir. Bu da bir daha Azərbaycanın yeni geosiyasət, geoiqtisadiyyat ilə bağlı məsələlərə böyük əhəmiyyət verdiyini göstərir. Azərbaycan bu tədbirlə Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üçün çox mühüm ölkə olduğunu dünyaya nümayiş etdirib. Konfransda iştirak edən əcnəbi ekspertlər Qarabağda gəlməkdən və burada Azərbaycanın gördüyü quruculuq işlərinin şahid olmaqdan məmnunluqlarını ifadə ediblər. Bu tədbirdə işitirak edən elə qonaqlar var idi ki, Qarabağa, Şuşaya bir neçə dəfə gəliblər. Onlar Qarabağda belə bir tədbirin təkşil edilməsinin müstəsna və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qarabağa yerli sakinlərin öz evlərinə qayıtmasını, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın dirçəltməsini görmək əcnəbiləri heyrətə gətirib. Bunula əcnəbi qonalar da Şuşanın getdikcə öz əvvəlki şöhrətini bərpa etməsinin şahidi olublar.

Diqqət çəkən bir məqam da Azərbaycan Prezidentinin konfransdakı jurnalist və ya mütəxəssislərin çoxsaylı suallarına qeydsiz, hazırlıqsız cavab verməsi olub. Sevindirici haldır ki, dövlətimizin başçısı Avropadakı bir çox liderlər üçün nümunə göstəirlir. Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans Prezident İlham Əliyevin bir daha geosiyasət və strategiya üzrə ekspert kimi bacarıqlarını otaya qoyub.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Comments (0)
Add Comment