Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 may 2023-cü il tarixində Şuşada ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı etdi. Çıxışda vacib məqamlara toxunan dövlət başçısı bir sıra məsələlərə aydınlıq gətirməklə yanaşı həqiqətləri bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı.

İlk öncə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev” ili olduğunu iştirakçıların nəzərinə çatdıraraq bildirdi ki, ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Ulu öndər Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Şuşa şəhərinin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü münasibətilə ötən il “Şuşa İli” elan edilmişdir. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir.

Cənab prezidentin də dediyi kimi 30 illik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.

Cənubi Qafqaz regionunun bir hissəsi olan Azərbaycan 44 günlük müharibədən sonra regionda yeni layihələrin icrasına start verib. Münaqişənin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr Birgə bəyanatından sonra Zəngəzur dəhlizinin açılması məsələsi böyük strateji əhəmiyyətə malikdir. Belə ki, Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Lakin bir məsələ var ki, Ermənistan bu dəhlizin açılması ilə bağlı işləri gecikdirir. Düşmən tərəf hələ də anlamır ki, Zəngəzurdan keçən bu yol mütləq açılmalıdır. Onu da anlamırlar ki, həmin dəhlizin açılması onların da xeyirinə olacaq. Ona görə də onlar xoşluqla bu dəhlizin açılmasına razı olmalıdırlar.

Hazırda Azərbaycan çağdaş dövrümüzün ən parlaq və şərəfli tarxini yazır. Bu şanlı tarix yalnız bir region çərçivəsi ilə məhdudlaşmır, bütövlükdə qloballaşan dünyamızda tərəfdaşlığa can atan bütün dövlətlər üçün mühüm əhəmiyyətə malikdir. Bu baxımdan dünyada nüfuzu artan, iqtisadi və hərbi cəhətdən güclü bir dövlətə çevrilən Azərbaycanın haqlı mövqeyi birmənalı şəkildə Qafqazın və həm də bütün dünyanın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.

Akif TEYLİ

Əməkdar müəllim, kimya üzrə fəlsəfə doktoru

Comments (0)
Add Comment