Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdır. Qeyd edək ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılmışdır. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün potensial imkanların olduğunu bildirmişdir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin yeni mərhələyə qədəm qoymasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin aprelin 25-də Bolqarıstana rəsmi səfəri böyük rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında keçirilən görüşdə “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olundu, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulandı. Eyni zamanda siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd etmək istəyirəm ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdir. Qeyd olunan Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir uğurdur. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcəkdir. Həmçinin “Həmrəylik Halqası” təşəbbüsü Cənub Qaz Dəhlizinin genişlənməsi enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir.
Yerigəlmişkən Avropa ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq digər sahələrdə də əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə önəmli töhfələr verir.
Hazırda hər iki ölkə arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə və uğurla inkişaf etməkdədir. Artıq bir-birini strateji tərəfdaş hesab edən ölkələrimiz arasında sıx əməkdaşlığın uğurlu nəticələri müşahidə olunmaqdadır. Hər iki ölkə rəhbəri bu səfərin həm enerji təhlükəsizliyi, həm də qarşılıqlı maraq doğuran bütün digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcəyinə və inkişaf etdirəcəyinə əminliyini ifadə edirlər.
Əbilfəz Mahmudov, Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvü, energetik