Nura boyanmış ömür-Zərifə Əliyeva

Azərbaycan xalqının milli özünüdərkinin ən önəmli amillərindən biri xatirə anlayışına, unudulmazlıq məfhumuna sədaqətidir. Xalqımız şəxsiyyəti, əməlləri, yaratdıqları, davamçıları ilə tarix yazmış görkəmli simaları, nəcib insani keyfiyyətlərə, yüksək ali dəyərlərə malik şəxsiyyətləri əbədi yaddaşına ona görə bu qədər israrla həkk edir ki, onlarla qürur duysun, öyünsün, bu insanların varlığı ilə millət olduğunu dərk etsin və özünə güvənsin.

Yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmışdır.

Zərifə xanım oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara və ümumən ətrafındakı hər kəsə sözün həm həqiqi, həm də məcazi mənasında nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan mələk misallı bir insan olmuşdur. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 150-dən çox elmi məqalənin, 14 monoqrafiyanın, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz izlər buraxmışdır. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacarmış Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla oftalmoloqların stolüstü kitablarına çevrilmişdir.

Zərifə xanım əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, ətrafına yaydığı işıqda, zəriflik, təmkin və nəcibliyində, insanlığa və insanlara sevgisində, sevimli peşəsinə və ailəsinə bağlılığında özünü göstərirdi.

Bəşəriyyətin ən qiymətli sərvəti olan xeyirxahlıq, həya və saflıq fani aləmdə əbədiyyəti, daimi mənəvi ucalığı təmin edir. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında müqəddəslik qazanmış bir şəxsiyyətdir. Onun malik olduğu və qazandığı nə varsa, Allah tərəfindən verilmiş nemətlərdir.

Yüksək peşəkarlığı, mədəni tələbatının genişliyi, dostpərvərliyi, ünsiyyətdə səmimiliyi və istiqanlılığı, qayğıkeşliyi, ehtiyacı olanın köməyinə çatmağa can atması Zərifə xanımın həyatını insanlara humanist xidmət nümunəsi kimi, ləyaqətlə tibb elminin ön sıralarına çıxmış bir insan kimi səciyyələndirməyə tam əsas verir. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən ilham alır, həyata və insanlara nikbin yanaşır, xeyirxahlıq və etimad ab-havası yaradırdı. Bu parlaq şəxsiyyət nurlu bir səmimiyyətə, həyatı Xeyirin təntənəsi, ümumxalq səadəti uğrunda mübarizə üçün insana verilmiş bir hədiyyə, zəkanın və hissiyyatın qırılmaz vəhdəti kimi qəbul edən böyük istedada malik idi.

Bir insanın, qadına, anaya, ömür-gün yoldaşına, alim və vətəndaşa xas olan bütün mükəmməl cizgiləri özündə cəmləməsi, yalnız, Tanrı vergisi ola bilər. Əllərinin şəfası, dərin savadı, xüsusilə də, incə qəlbi, şəfqət, sevgi dolu rəftarı ilə minlərlə gözə nur verən Zərifə xanım Əliyeva, sözün əsl mənasında, Tanrı vergisinə sahib insan idi.

Heç şübhəsiz, Zərifə xanımın saf ruhu sonsuz bir sevinc duyur ki, onun qəlbən bağlı olduğu, bütün varlığı ilə sevdiyi Azərbaycan indi dünyanın ən güclü dövlətlərindən biri, doğma xalqı isə azad edilmiş torpaqlarında yaşayan, öz müdrik rəhbərinə ürəkdən inanan xoşbəxt xalqdır.

Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Comments (0)
Add Comment