Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Salyan və Neftçala rayonlarına səfər ediblər. Həmin gün dövlət başçımızın Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir sıra mühüm məqamlara diqqət çəkdi. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları haqqında bəhs edən cənab Prezident qeyd etdi ki, “hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir.”
Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Dövlətimizin başçısı cənab İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə göründüyü kimi vaxtaşırı rayonlara səfər edir. Səfər zaman ölkə rəhbəri yerlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə şəxsən özü maraqlanır. Həqiqətən də, dövlətimizin başçısı fəaliyyətinin bütün mərhələlərində bölgələrdə insanların rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib.
Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri çərçivəsində bir sıra sosial-iqtisadi obyektlərin istifadəyə verilməsi, bəzilərində isə yaradılan şəraitlə tanışlıq ölkə rəhbərinin hər zaman öz vətəndaşının yanında dayanması, qayğısı ilə maraqlanması və bölgələrdə quruculluq işlərini diqqətdə saxlamasının bariz ifadəsidir.
Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır.
Prezident cənab İlham Əliyevin səfər zamanı Salyanda “ASAN xidmət” mərkəzinin açılışını reallaşdırması xüsusilə mühüm hadisədir. Belə bir xidmət mərkəzinin istifadəyə verilməsi əhalinin sosial şəraitinin davamlı yaxşılaşdırılmasına böyük töhfədir. Xatırladaq ki, bu, sayca 25-ci mərkəzdir. Onu da qeyd edim ki, “ASAN xidmət” sistemi bu gün dünyada Azərbaycan brendi kimi tanınır və respublikamızda uğurla fəaliyyət göstərir, bu mərkəzlərdə xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.
Dövlət başçımız müsahibəsində Neftçala və Salyan rayonlarında Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi və elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin istifadəyə verilməsini sosial siyasətin uğurla icra olunmasının bariz nümunəsi, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışını, eyni zamanda, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışını isə ölkəmizin dinamik şəkildə inkişafının göstəricisi kimi qiymətləndirib.
Dövlətimizin başçısı müsahibəsində işğaldan azad olunan ərazilərdə–Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri barədə də fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz– bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz– bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün…”.
Prezident İlham Əliyevin müsahibədə diqqətə çatdırdığı kimi, Vətən müharibəsi başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına start verilib. Qısa müddətdə iki kənddə–Ağalı və Talış yaşayış sahələrində məskunlaşdırma aparılıb. Keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışının isə ilin sonuna qədər gerçəkləşdiriləcəyi nəzərdə tutulub.
Sonda qeyd edim ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti yüksəlmişdir.
Aslan Mehdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri