Bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə icra edir. Layihə zamanı “Canavar” ləqəbli şəhid polkovnik-leytenant Rəşad Quliyev barədə film çəkilib.
Şəhid Rəşad Quliyev barəsində ictimaiyyətə daha çox məlumat vermək üçün bu gün, şəhidin bacısı Nazilə Rəşidin çalışdığı Nizami rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi İnternat məktəbində layihənin icrası zamanı çəkilən “”Canavar”ın döyüş yolu” adlı filmin təqdimatı keçirilib. Tədbir məktəbin direktoru Tariyel Əkbərovun təklifi ilə bütün şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad olunması ilə başladı. Layihə rəhbəri Məlahət Abdullayeva layihə barədə qısaca məlumat verdikdən sonra bildirdi ki, əslən Quba şəhərindən olan Rəşad Quliyev 1983-cü ildə Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Ordusu sıralarında leytenant rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlib. 37 illik ömrünün 15 ilini cəbhə bölgəsində, səngərlərdə keçirən Rəşad Quliyev Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirəndə məzun albomuna Qarabağla bağlı arzularını yazıb. Vətən müharibəsinin ilk günündən tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının düşmənlərdən azad olunmasında iştirak edib. Göstərdiyi cəsurluğa, qorxmazlığına görə döyüş yoldaşları ona “Canavar” ləqəbi vermişdilər. Polkovnik-leytenant Rəşad Quliyev 2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb və II Şəhidlər xiyabanında, çox hörmət bəslədiyi general Polad Həşimovun yanında dəfn olunub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamlarına əsasən Rəşad Quliyev “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və digər medallarla təltif olunub.
Şəhidimizin anası Mətanət xanım Quliyeva Rəşadın xeyirli övlad, qayğıkeş ata, kiçik yaşlarından atasız böyüyən bacılarına xüsusi qayğı ilə yanaşan qardaş, vətənini, xalqını çox sevən əsil şəxsiyyət olmasından söhbət açdı.
Çıxış edənlər – professor, AYB-nın üzvü, BƏC İB Ağsaqqallar Şurasının sədri İmaməddin Zəkiyev, general Hüseyn Əlixanov, Müdafiə Nazirliyinin şöbə müdirləri Zümrüd Səmədova və Elvin Dadaşov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, general-mayor Qulu Novruzov, Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Asəf Şirinov, yazıçı–publisist German, Suraxanı rayon YAP-ın sədri Vüqar Seyidov, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri Zərnişan Azayeva, bu layihənin icrasında könüllü kimi iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü Tahir Xudiyev bu səpkili layihələrin həyata keçirilməsinin şəhidlərimizin ruhunun yaşadılmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərməsindən, şəhid ailələri və qazilərimizə dövlət qayğısından danışdılar. Eləcə də şəhidlərimizin qəhrəmanlığı barədə geniş məlumatların gələcəkdə məktəb dərsliklərində əksini tapmasının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb edə biləcəyindən danışdılar.
Tədbirdə iştirak edən həmin məktəbdə məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri onların öz yurd-yuvalarına qayıtmasının Rəşad Quliyev kimi igidlərimizin qəhrəmanlığı naminə başa gəldiyini və buna görə də minnətdarlığını bildirdilər.
Tahir Xudiyev şəhid ailələrinə və qazilərə tədbirdə iştirak edən dövlət təşkilatlarının nümayəndələrinə öz problemlərini söyləməyi təklif etdi.
Tədbirdə şəhid Rəşad Quliyevin ailə üzvləri, tələbə və döyüş yoldaşları, digər şəhid ailələri üzvləri, ƏƏSMN, DİN, Nizami Rayon Polis İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı, TƏBİB, 3 nomrəli məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Layihə rəhbəri Məlahət Abdullayeva bu yönümlü layihələrin həyata keçirilməsinin vacibliyindən və məktəblərdə təqdimatının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük əhəmiyyətindən danışdı və bu məktəbin eşitmə və danışma məhdudiyyəti olan şagirdlər üçün xüsusi inretnat məktəbi olduğundan şagirdlərə jest dili ilə başa salan Gülşən müəlliməyə təşəkkürünü bildirdi.
Mətbuat xidməti