Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Münxen şəhərinin tanınmış Sənətkarlar Evində (Münchener Künstlerhaus) konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bavariya Lantaqının (əyalət parlamenti) deputatları, əyalətin hökumət qurumlarının təmsilçiləri, Münxendə akkreditə olunmuş konsullar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların fəalları iştirak ediblər.
Tədbirin başlanğıcında səfirlik tərəfindən hazırlanmış “Azərbaycanda alman irsi” adlı qısa film nümayiş olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında ölkələrimizin münasibətlərinin qədim tarixə malik olduğunu, Azərbaycanda ilk alman məskənlərinin təxminən 200 əvvəl qurulduğunu, o zamandan etibarən almanlar və azərbaycanlılar arasında xoş və mehriban dostluq münasibətlərinin təşəkkül tapdığını qeyd edib. Azərbaycan-Almaniya münasibətlərinin müasir vəziyyətinə toxunan səfir, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynadığını vurğulayıb. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mart ayında Almaniyaya uğurlu səfər etdiyini bildirən diplomat, sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığını söyləyib.
N.Ağayev ikitərəfli iqtisadi münasibətlərdən də bəhs edərək, Bavariya əyalətindən olan şirkətlərin bu münasibətlərdə xüsusi yerinin olduğunu, Almaniya ilə həyata keçirilən ticarət dövriyyəsinin təxminən üçdəbirinin bu əyalətin payına düşdüyünü və Bavariyanın 177 şirkətinin Azərbaycanla əməkdaşlıq etdiyini deyib. Səfir əyalətlə olan iqtisadi əlaqələrin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Bavariya Landtaqının CSU (Xristian Sosialistlər İttifaqı) fraksiyasının sədr müavini Aleksandr Köniq qeyd edib ki, Bavariya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin böyük potensialı var. Deputat, həmçinin son dövrlər Azərbaycanın Avropa, o cümlədən Almaniya üçün enerji təchizatçısı kimi rolunun artdığını vurğulayıb. O, əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçilər – pianoçu Nərmin Nəcəfli və opera müğənnisi Mərziyə Hüseynova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Sənətçilər tərəfindən ifa olunan dahi Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vaqif Mustafazadə, Niyazi və Adil Bəbirovun, eləcə də avropalı bəstəkarlar Frederik Şopin, Robert Şuman və Çarls Qunodun əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.