Azərbaycan Universitetində “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçirildi. Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının təşəbbüsü ilə keçirilən “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I Beynəlxalq elmi konfransın əsas məqsədi türk dünyasının tarixi, mədəniyyəti və müasir dövrdə geosiyasi vəziyyətinin öyrənilməsi olmuşdur. Konfransı giriş sözü ilə Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski açaraq bildirib ki, Türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixi köklərə malikdir. Strateji tərəfdaşlığın da dərinləşdirilməsi bölgədə və dünyada sülhün bərqərar olmasına böyük töhfə verəcəkdir. Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov qeyd edib ki, Türk dövlətləri arasındaki əlaqələr son 30 ilin ən yüksək mərhələsini yaşayır və yüksələn xətt üzrə inkişaf edir. Elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər daha da artırılmalıdır. Plenar iclasın ardından konfrans işini məruzələrin təqdimatı ilə davam etdirib. Gün ərzində Türk dövlətlərinin və xalqlarının dünya tarixinə və mədəni irsinə töhfələri, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi vəziyyətin perspektivləri, Türk dövlətləri və xalqları arasında iqtisadi əlaqələr, Türk Dövlətləri Təşkilatının qurulması və gördüyü işlər, müasir dövrdə Türk xalqlarının qarşısında duran mühüm vəzifələr, Türk dövlətlərinin əməkdaşlıq mexanizmləri, Türk dövlətlərinin müttəfiqlik əlaqələrinin dərinləşməsi, İkinci Qarabağ müharibəsi və sonrakı mərhələdə yaranan reallıqlar və bu kimi aktual məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Konfransda 6 ölkədən 120-dən çox alim iştirak edib.