Heydər Əliyev ili çərçivəsində Türk Ağsaqqalları İctimai Birliyi-TAİB-in və Azərbaycan Dövlət Pedaqoji Universiteti – ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “31 Mart -Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
Konfransda TAİB-in Təşkilat komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik, tibb elmləri doktoru Südeif İmamverdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, TAİB İdarə heyətinin üzvləri, tanınmış ziyalılar, filialın professor, müəllim və tələbə heyəti iştirak edib. Konfrans iştirakçıları tədbirdən öncə Ulu öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirib, daha sonra isə Quba Soyqırımı Memorial Kompleksini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akt zalında keçirilən konfransda əvvəlcə Ulu öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU Quba Filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev, TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, Tibb elmləri doktoru, akademik Sudeif İmamverdiyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü xidmətlərdən və 31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəki rolundan danışıblar.
Konfransın moderatoru, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru, publisist, nasir, TAİB-in sədr müavini Telli Pənahqızı, TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu, TAİB-in İdarə Heyətinin üzvü, Turan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Sabir Tağıyev, Əməkdar mədəniyyət işçisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru Xuraman Hümbətova, tele-jurnalist, TAİB-in İdarə Heyətinin üzvü Mübariz Süleymanlı, Gənclər Təşkilatının sədr müavini, qazi Qədir Quliyev mövzu ətrafında çıxış edərək bildiriblər ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə zəfərlə bitən 44 günlük Vətən müharibəsində ermənilərin ikiyüzillik əsassız iddialarının boşa çıxması, əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsidir, xalqımıza qarşı törədilmiş soyqırımlara tutarlı cavabdır.
Elmi-praktik konfransın sonunda TAİB-in sədri akademik Südeif İmamverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının qərarı ilə Türk dünyasında elm, təhsil və mədəniyyət sahəsində müstəsna xidmətlərinə və Heydər Əliyev irsinin təbliği istiqamətində önəmli fəaliyyətinə görə “Fəxri diplom”la təltif edilib. Həmçinin fizika elmləri doktoru Yusif Alıyev də TAİB tərəfindən təhsilin inkişafında xidmətlərinə və elmi-praktik konfransın yüksək səviyyədə təşkilinə görə təltif edilib, ona TAİB-in təsisçisi Ramin Əhmədovun müəllifi olduğu “Heydər Əliyev və antiterror siyasəti” adlı kitabı hədiyyə edilib.
Məruzəçilər tərəfindən filialın kitabxanasına müxtəlif mövzulu kitablar təqdim olunduqdan sonra xatirə şəkli çəkdirilib.