Mərkəzi Elmi Kitabxanada Elmi-Metodiki Şura yaradılıb

 

29 mart 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında illər sonra yaradılan Elmi-Metodiki Şuranın ilk iclası keçirilib.

İclas MEK-in baş direktoru, professor Məmməd Əliyevin sədrliyi ilə Şura üzvlərinin iştirakı ilə baş tutub.

İclası açıq elan edən MEK-in baş direktoru professor Məmməd Əliyev öncə Kitabxanada Elmi-Metodiki Şuranın yaradılması haqqında AMEA Rəyasət Heyətinin Qərarını səsləndirib. Baş direktor qeyd edib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə məktubla müraciət edərək kitabxananın istiqamətləndirilməsi, burada nəşrə hazırlanan kitabların müzakirəsinin keçirilməsi, kitabxana işində yeniliklərin tətbiqinin təhlilinin aparılması və əməli işə tətbiqinə nəzarətin həyata keçirilməsi məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki şuranın yaradılması haqqında vəsatət qaldırmışdır. “Bu vəsatət nəzərə alınaraq, AMEA Rəyasət Heyəti tərəfindən MEK-də Elmi-Metodik Şuranın yaradılması qərara alınıb. Bunun üçün akademik İsa Həbibbəyliyə xüsusi minnətdarlığımızı bildiririk”, – deyə professor Məmməd Əliyev vurğulayıb.

Baş direktor, həmçinin uzun illərdən sonra kitabxanada yenidən yaradılan Elmi-Metodiki Şuranın işində uğurlar arzulayıb.
Qeyd edək ki, Elmi-Metodiki Şuranın sədri MEK-in baş direktoru, f.e.d., professor Məmməd Əliyev, sədr müavini icraçı direktor, f.ü.f.d., dosent Şəhla Quliyeva, elmi katib kitabxananın Kataloqlaşdırma şöbəsinin əməkdaşı Şəbnəm Rüstəmova, üzvləri BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşı, professor Xəlil İsmayılov, fakültənin dekanı, dosent Ələmdar Bayramov, ADA Universiteti Kitabxanasının direktoru, t.ü.f.d. Elçin Məmmədov, BDU-nun Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, AMEA-nın “Elm” Nəşriyyatının baş direktoru, f.ü.f.d. Səbuhi Qəhrəmanov, MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı, f.ü.f.d. Şəfəq Əliyeva, Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova və Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərova seçiliblər.

İclas gündəlikdə olan məsələlərlə işini davam etdirib, Elmi-Metodiki Şurasının üzvləri öz növbəsində gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.

Comments (0)
Add Comment