Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan “Təhsil və peşə hər bir qızın haqqıdır!” layihəsi çərçivəsində Qobustan rayonunda Forum keçirilmişdir.
Rayon gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, dini qurumlarla iş və digər strukturların iştirakı ilə Qobustan Gənclər Evində təşkil olunan Forumda 45 nəfər iştirak edirdi. Öncə iştirakçılar vasitələr və mövzuya aid hazırlanan kitabça ilə təmin olundular.
Forumun açılışda SQPR İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Gülnarə Bağırova, rayon gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquliyev və DQİDK Şamaxı bölgə şöbəsinin Qobustan üzrə nümayəndəsi Nahid Babaşov çıxış edərək, bu maarifləndirici layihənin bölgə gəncləri, xüsusilədə məktəbyaşlı qızlar üçün fayda, əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən nikahlarla mübarizə və bu istiqamətdə gənc qızların tam təhsil və peşə inkişafı təbliği sahəsində görülməli işləri qeyd etdilər.
Layihə eksperti, ADTGT sədri Asif Əsgərli təqdimat çıxışında regionlarda erkən nikahların vəziyyəti, qızların yuxarı siniflərdə təhsildən yayınması halları, peşə və karyera inkişafından kənarda qalma məsələləri və onunla mübarizə sahəsində müxtəlif qurumların birgə maarifləndirici, sosial fəaliyyətləri qeyd etdi. Ekspert erkən nikahların gənclərin təhsil və peşə inkişafına, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, mübarizə və bu sahədə vacib alət və mexanizmlərdən danışdı.
A.Əsgərli bölgələrdə erkən nikahlarla effektiv mübarizə üçün təhsil, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lər tərəfindən birgə səmərəli əməkdaşlığı, bu sahədə araşdırma, sorğu, PR kampaniyası və şəbəkələşməni də xüsusi vurğuladı. Forum iştirakçıların geniş və əhatəli müzakirə və fikir mübadiləsi ilə yekunlaşdı.
Cəlilabad, Salyan, Ucar və Qobustan rayonlarında icra olunan layihənin əsas ideyasını bu regionlarda erkən nikahların yeniyetmə qızlara, onların tam orta təhsil, peşə sahibi olmalarına, mənəvi-psixoloji durumuna, cəmiyyətin inkişafına və milli genefonduna göstərdiyi mənfi təsirlərlə mübarizədən və bu sahədə vacib alətlər olaraq valideynlərlə aparılacaq maarifləndirici və sosial fəaliyyətlər təşkil edir.