Azərbaycan Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutunun birgə razılaşmasına əsasən azərbaycanlı alimlər bir ay boyunca özbək tələbələrə mühazirələr oxuyacaqlar. SİA xəbər verir ki, Azərbaycan Universitetindən verilən məlumata əsasən universitetin siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski və kafedranın müəllimi Fərahilə Şükürova tərəfindən hər həftə özbək tələbələrə əvvəlcədən hazırlanmış proqram üzrə dərslər keçirilir. Mühazirə kursu əsasən Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, Heydər Əliyev irsi və türk dünyası, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi, Qarabağ ərazisindəki dağıdılan tarixi-mədəni abidələr və s. mövzuları əhatə edir. Proqramın məqsədi müəllim və tələbə mübadiləsi, tədris proqramlarının birgə işlənib hazırlanması, ortaq elmi tədqiqatların aparılması, fəlsəfə doktoru hazırlığı üzrə xarici elmi rəhbərliyin təyin edilməsi və iki müəssisənin professor-müəllim heyətinin elmi tədbirlərdə iştirakıdır.
Universitetin kafedra müdiri E.Talışinski bildirdi ki, bu proqramın həyata keçirilməsi ortaq dilə, tarixə və mənəvi dəyərlərə malik iki qardaş ölkələr arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə də mühüm töhfə verəcəkdir. Qeyd edək ki, artıq bu ayın əvvəlindən dərslərə başlanılıb və aprel ayı ərzində də davam etdiriləcəkdir.