I və II Qarabağ müharibələri zamanı vİranın ermənilərə dəstəyi haqqında çox yazıb, çox danışmışıq. Xurafatçı, cahil fars-molla rejimi indi də yeni “şəbeh” çıxarmaqdadır. – vİran 44 günlük müharibədə əlil olmuş erməni hərbçilərə reabilitasiya, habelə “birgə məktəblər”, Zəngəzurda “erməni-İran mərkəzi” açmağı təklif edib. – Ermənistan KİV-lərində yayılmış bilgiyə görə, vİranın Əmək və Sosial rifah naziri Seyid Soltan Murtazavi bu barədə fevralın 27-də Tehranın “qardaş şəhər”i İrəvanda Ermənistanın Əmək və Sosial məsələlər naziri Narek Mkrtçyanla görüşündə bildirib.
Əslində, hər iki rejim “layihə dövlət”ini ifadə etdiyi üçün və də əslində, heç birinin paytaxt statusundakı şəhəri özünün olmadığı üçün, biz “İran”, “Ermənistan” sözünün yanıbaşında “adlanan yer” yaza bilərik. Bir dövlətin ki, qayəsi, işi-gücü terror, şər-böhtan və də bu bekara işləri pərdələməkçün qondarma din təsərrüfatına, saxta ideolojiyə dayalı vay-şivən, ağlaşma ola?.. – Belə dövlətmi olar? – Hər ikisinin də ən əsas, ortaq dərdi-azarı bizlərik. Bu yazını od çərşənbəsi günü yazıram, ona görə çox gərgin sözlərdən qacınmağa çalışıram, ancaq ta onlarçün “külü qoyum başınıza” sözü gəlib, qüsura baxmayın.
Hər iki rejim bir yeyib, beş nəzir-niyaz verməkdənsə ki, Azərbaycan Respublikası kimi ləyaqətli, xarakterli qonşumuz var, əksinə ilmüdam bizə qarşı çıxırlar. Belə olmaz. Olmaz belə. Heç olmaz! Birincisi, ona görə ki, İran adlanan yerin böyük hissəsi, Ermənistan adlanan yerinsə hər qarışı Azərbaycan torpağıdır. – Demək, ayıblarına kor olmalılar. İkincisi, onların bizimlə problemləri bizdən qaynaqlanmır, onların yapısından qaynaqlanır, özlərinə baxmalı, ya arınıb-durulmalı ya da haqq etdiklərincə viran olmalılar. Üçüncüsü, 44 günlük müharibədən aylar keçib, tərəqqipərvər dünya birliyi nəticələri qəbullanıb və əsasən Tehran, qismən İrəvan rejimlərinin var-gəl eyləməsi prinsipial fərq yarada bilməz. Zəngəzur dəhlizi də açılacaq, Xocalıda, Xankəndində Azərbaycan bayrağı da dalğalanacaq, Ermənistan-Azərbaycan sınırları da tam razılaşdırılacaq. – Hətta bunun özü Ermənistana da, erməni havadarlarına da ən böyük güzəştdir. Çünki bizim Ermənistanı bir dövlət kimi tanımamaq haqqımız vardır. Öz hesabına yaşaya bilməyən bir dövlət öz əhalisinə də, çevrəyə də, beynəlxalq birliyə də izafi yükdür. Bu sözləri niyə deyirəm? – Baxın, vİranın naziri Seyid Soltan Murtazavi İrəvanda Ermənistanlı həmkarı Narek Mkrtçyanla görüşündə deyir ki, “iki ölkə arasında özəlliklə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib. Murtazavi Mkrtçyanla görüşündə onu da deyib ki, qonşu dövlətlərlə, özəlliklə də Ermənistanla işbirliyinin inkişaf etdirilməsi rəsmi Tehranın siyasətinin əsas prioritetlərindən biridir: Biz iki ölkə arasında sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük önəm veririk.
Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və imkanlarını yatırım etməyə hazırıq”. Bax, burda dayan! Dayan burda! Şair demiş, “Kimi aldadırsan, a zalımoğlu”? Fars-Molla rejimi hara sülh hara, sabitlik hara, xoşməramlı işbirliyi hara? Özü də, kimi kimi Ermənistancığazı tərəfmüqabili alaraq, eləmi? Rəsmi Tehranın siyasətinin əsas prioritetlərindən biri Ermənistanla işbirliyinin inkişaf etdirilməsi ola bilər – cəhənnəmə olsun, ancaq biz bizə qarşı olan heç bir bədnam siyasətə seyriçi qalası deyilik. Fars-Mollaa rejimi üçün qəbullanmaq nə qədər çətin olsa da, Azərbaycan 44 günlük müharibədə zəfər qazanmış ölkədir və “layihə dövlət”lərin nazı ilə oynayası deyil. Necə ki, İran və Ermənistan işğal olunmuş torpaqlarımızda ortaq bəd əməllər törətmişdi – hamısını sıfırladıq, indi də, Zəngəzur bölgəsində müstəqil erməni-İran mərkəzinin yaradılması imkanlarını müzakirə edib özlərini yormasalar yaxşıdır. Orası bugün bizlər, sabah onlarçün güvənli deyil. Güvənsiz bölgəyə yatırım yapmağın anlamı nə?..
vİran cırtdan Ermənistana təklif edir ki, “birgə məktəblər” yaradaq. Azərbaycanın Güneyindəkilərinin vergisi hesabına, Azərbaycanın Quzeyinə qarşı işğalçılıq etmiş, indi də revanşizmə həvəslənən bir qarı düşmənə bu nə həssasiyyət, nə iltifat, nə məktəb? Elə məktəb açansan, xeyir ola Azərbaycanın Güneyində məktəblər açmırsan? Ona görə də, İran vİran olasıdır ki, olasıdır!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı