Krasnoyarskda Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şobəsi tərəfindən birgə təşkil edilib. Tədbirdə digər vilayətlərdə yaşayan soydaşlarımız, eləcə də dövlət rəsmiləri də iştirak ediblər.
Anım mərasimində öncə Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad olunub. Sonra Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti”nin dini məsələlər üzrə rəhbəri Hacı Mütəllib, sədr müavinləri Ayaz Məmmədov, Azər Mustafayev, Camal Ələsgərov və Aqil Cəfərov çıxış ediblər.
Bütün çıxış edənlər Xocalı soyqırımını törədənləri qınayıblar və beynəlxalq birliyin bu faciəyə hüquqi-siyasi qiymət verməsini tələb ediblər. Qeyd olunub ki, bu kimi qeyri-insani cinayətlərin qarşısı alınmalıdır.
Qeyd etmək yerinə düşər ki, faciənin uzun tarixə malik olmasına baxmayaraq, bugünkü gənclər öz xalqının yaddaşına və tarixinə xüsusi önəm verirlər ki, bu da gecədə gənc fəalların çoxsaylı nümayəndələrinin iştirakı ilə təsdiqlənir.
Görüş Qurani-Kərimdən dua (surə) oxunması və ehsanla başa çatıb.