Qan yaddaşına çevrilən Xocalı soyqırımı

Azərbaycan dövləti tərəfindən Xocalı faciəsinin ölkədə və xaricdə təbliğ olunması istiqamətində planlı istiqamətdə tədbirlər görülür

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bunun ən ağır nəticələrindən biri ermənilərin 31 il əvvəl törətdikləri Xocalı soyqırımı oldu. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Xocalı soyqırımı dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları eynilik təşkil edir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Azərbaycan dövləti tərəfindən Xocalı faciəsinin ölkədə və xaricdə təbliğ olunması istiqamətində planlı istiqamətdə tədbirlər görülür. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixinin Xocalı soyqırımı günü kimi qəbul olunur. Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli sərəncamı ilə hər il fevral ayının 26-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir.

Bu gün artıq dünya Xocalıdan, ermənilərin bu vəhşiliyindən danışır. Bu da Azərbaycan dövlətinin informasiya müharibəsində apardığı təbliğatın nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyətində Qarabağ həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya birliyinə yayılması məsələsi prioritetdir: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır. Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər”.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası bütün dünyada böyük əks-səda doğurub. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Əsrin faciəsi olan Xocalı soyqırımı 31 ildir ki ölkəmizin hüdudlarından kənarda da qeyd olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diasporu maksumum dərəcədə öz gücündən istifadə edərək bu faciəni törədənlərin kimliyini beynəlxalq aləmə car çəkirlər. Müxtəlif ölkələrdə faciənin ildönümü ərəfəsində tədbirlər keçirlir. Keçirlən aksiyalarda Xocalı soyqırımının dövlət səviyyəsində tanınmasının vacibliyinə diqqət cəlb edilir. Həmçinin xaricdə yaşayan azərbaycanlılar, Türkiyənin icma üzvlərinin, ictimai-siyasi dairələrin nümayəndələrini iştirakı ilə anım mərasimləri keçirilir. Məscidlərdə də hər il 26 fevral günü cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılır, onlara Allahdan rəhmət dilənir.

 

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Comments (0)
Add Comment