“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və potensialının artırılmasına dəstək” adlı araşdırma, maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.
3 ay müddətində (01 fevral – 01 may 2023-cü il) Masallı, Biləsuvar, Kürdəmir və Şamaxı rayonlarında həyata keçiriləcək layihənin əsas məzmununu yeniyetmə və gənclər arasında erkən və qohum nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində yerli icra strukturları, bələdiyyələr, aidiyyətli qurum və vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyət potensialının artırılmasına və onların təmsilçilərinin bilik, bacarıq və təcrübəsinin (capacity building) yüksəldilməsinə dəstək təşkil edir.
Layihənin digər bir əsas ideyasını isə əhatə olunacaq bu rayonlarda gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmlənməsi, milli ailə dəyərləri və ənənələrin təbliği istiqamətində yerli icra, bələdiyyə, aidiyyətli qurum və vətəndaş cəmiyyəti təsisatlarının birgə tövsiyyə və təkliflərinin hazırlanması təşkil edir. Bu fəaliyyətləri (sorğu, araşdırma, təlim, tövsiyyə və təkliflərin hazırlanması, maarifləndirmə, PR, sosial media və s.) həyata keçirərkən yerli icra hakimiyyəti, bələdiyyələr, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, səhiyyə, təhsil, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lərlə davamlı əməkdaşlıq və tərəfdaşlıq qurulması da nəzərdə tutulur.
Layihədə erkən və qohum nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanması da nəzərdə tutulur.
Layihə çərçivəsində 4 regionda mövzuya dair sorğu keçirilməsi, obyektiv hesabatın hazırlanması, yerli məsul təmsilçilər üçün “capacity building” təlimnin keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və maarifləndirici, təbliğati, PR və sosial media fəaliyyətləri təşkil olunacaqdır.
Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün erkən nikahlar və qohumlar arasında nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur.
Layihədə AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, onun regional mərkəzləri və yerli icra hakimiyyətləri ilə tərəfdaşlıq qurulacaqdır.