Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik. Təhlükəsizlik tədbirlərinə enerji mənbələrinə çıxışın təmin edilməsi; texnologiyaların inkişafı və tətbiqinin təmin edilməsi; enerjinin istehsalı, saxlanması və ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması; qüvvədə olan tədarük müqavilələrinin təmin edilməsi və əlverişli qiymətlərlə enerjiyə çıxışı aid edə bilərik.
Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib.. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycan günəşli ölkədir və paytaxt Bakı küləklər şəhəri kimi tanınır. Bu amillər Azərbaycanın enerji ixracını genişləndirmək imkanlarını daha da artırır.
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.
Ölkəmizin dünya maliyyə böhranı şəraitində belə davamlı inkişafı qarşıya qoyulan bütün layihələrin uğurla gerçəkləşdiriləcəyinə əminlik yaradır. Bunu ötən ildə əldə olunan makroiqtisadi göstəricilər bir daha təsdiq edir. Ölkəmizdə bütün dünyanı iflic vəziyyətinə salmış qlobal böhrana qarşı effektiv tədbirlərin həyata keçirilməsi iqtisadi sahədə davamlı inkişafı təmin etmişdir. Ötən ildə fəal antiböhran tədbirlərinin həyata keçirilməsi, maliyyə intizamının gücləndirilməsi, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlərin reallaşdırılması, habelə sahibkarlığın inkişafına diqqətin yüksəldilməsi bugünkü uğurlarımıza gətirib çıxarmışdır.
Bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi təkcə iqtisadi məsələ deyil. Nəzərə almaq lazımdır ki, Avropa yuxarıda göstərilən beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatıracaq. Bu isə dövlətimizin iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, həm də siyasi dividend qazandıracaq.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artmaqdadır. Ölkəmiz təkcə ənənəvi enerji ilə deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir. Fevralın 3-də Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunub. Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edib. Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə göstərir. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsində əhəmiyyətli addım atıb. Bu mənada Prezident cənab İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin iki əsas komponentini qeyd etmək olar. Birincisi, Azərbaycanın Avropaya qaz ixracını artırmasıdır ki, bu, ötən il iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsaslanır. Artıq həmin sənədin icrasına başlanılıb. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr, 2022-ci ildə isə bu rəqəm 11,3 milyard kubmetr təşkil edib. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uğurlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.
Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.
Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə bir çox ölkələrin təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini sübut edir.
Rafiq Məmmədov,
Əməkdar müəllim, “TƏRƏQQİ” medalı təltiftiçisi