Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykənir. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.
Son illərdə dövlətimizdə həyata keçirilən hüquqi islahatların təşəbbüskarı məhz dövlət başçısı cənab İlham Əliyev olmuşdur. Bu islahatlara cəza siyasətinin dekriminallaşdırılması, ədalət mühakiməsi sahəsində islahatların daha da dərinləşdirilməsi və s konseptual məsələlər aid olmuşdur. Lakin bir tərəfdən müəyyən sahədə, məsələn iqtisadi sahədə törədilən cinayətlər humanistləşsə də, digər tərəfdən cəmiyyət və milli mənəvi dəyərlər, xüsusilə uşaq hüquqlarının qorunması, onlara qarşı törədilə bilən cinayətlərə qarşı həm preventiv tədbirlərin, həm təqsiri olan şəxslərin ən ağır şəkildə cəzalanmasını nəzərdə tutan islahatlar daima cənab Prezidentin hüquq siyasətinin tərkib hissəsi olmuşdur. Belə ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə hazırlanan və yetkinlik yaşına çatmayan şəxslərin cinsi toxunulmazlığına və cinsi azadlığına qarşı cinayətlərin törədilməsinə görə cəzaları sərtləşdirən qanun layihəsi Milli Məclisin payız sessiyasının 27 dekabr 2022-ci il tarixli iclasında 3-cü oxunuşda qanun qəbul edildi. Bu Qanunda əsas məqamlardan biri bu əməllərdən zərər çəkən uşaqların yaş kateqoriyasına görə cəzaların sərtləşdirilməsi oldu. Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və parlamentin digər komitələrinin iclaslarında, eyni zamanda Milli Məclisin hər üç oxunuş iclaslarında qanun layihəsinin əhəmiyyəti və tez bir zamanda qəbul edilməsinin zəruriliyi tərəfimdən məruzə edilərək, nəticədə cənab Prezidentin bu təşəbbüsü Milli Məclisin rəhbərliyi və demək olar ki, bütün deputat həmkarlarım tərəfindən də dəstəkləndi.
Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.
Bir neçə gün əvvəl Bakının Sabunçu rayonu ərazisində 14 yaşlı uşağa qarşı ən ağır cinayət hesab edilən zorlama cinayətinin törədilməsi xəbərini hər birimiz hiddət və ürək ağrısı ilə öyrəndik….bu qeyri-insani əməl həm də uşağın ölümünə də səbəb oldu.
Bildiyimiz kimi cəza həm sosial ədalətin bərpası, cinayətkarın cəzalandırılması və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan baş verən bu dəhşətli faciədə yeganə təsəllimiz artıq qanuni qüvvəyə minmiş qanundur. Bu iyrənc, xüsusilə ağır cinayət kateqoriyasına daxil olan bu əməlləri törədənlər bundan sonra on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Təcrübə göstərir ki, təcavüzkar insanlara qarşı nə qədər sərt cəza tətbiq edilsə, təcavüzlərin sayında bir o qədər azalma müşahidə ediləcək. Dünya praktikasında uşaqlara qarşı zorakılıq edən təcavüzkarlar ən sərt şəkildə cəza alırlar. Bura ölüm hökmü də daxil olmaqla ömürlük azadlıqdan məhrum etmələr aiddir. Təbii ki, cəzaların tətbiqi prosesində törədilən cinayətin dərəcəsi də nəzərə alınır.
Uşaqlar bizim gələcəyimizdir. Əgər bu gün uşaqlar sosial-psixoloji olaraq tam sağlam şəkildə böyüyürsə, bu, bizim gələcəyimizin sağlam olmasından xəbər verir. Cəmiyyət olaraq icazə verməməliyik ki, uşaqların təmiz, saf ruhları kimlərinsə mənfur əməlləri ilə çirklənsin.
Əminə Ağazadə
Milli Məclisin deputatı