Yeni siyasi konfiqurasiyanın tələbi

“Siyasi partiyalar haqqında” yeni Qanun partiyaların cəmiyyətin inkişafında vacib olan bir struktura çevrilməsinə çox böyük töhfə verəcək

Bu gün Azəraycanda demokratik dəyərlərə və milli həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiya formalaşıb. Açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılıb. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyət davam etdirilir. Məhz bu amillər Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurətini yaratmışdır. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. Ümumi olaraq 47 siyasi partiyadan yeni qanun layihəsi ilə bağlı Milli Məclisə 250-dən çox təklif göndərilmişdir. Bununla yanaşı, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən 100-dən çox təklif irəli sürülmüşdür. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı bir sıra beynəlxalq qanunlar və müxtəlif ölkələrin təcrübəsi nəzərdən keçirilmişdir.

Demokratik şəraitə uyğun olaraq “Siyasi Partiyalar haqqında” qanun layihəsinin uzun müddət müzakirəsi aparılmışdır. Bir çox partiyalar qanunla bağlı öz təkliflərini vermişlər və bütün bunların hamısı ictimai müzakirələrdə bir daha nəzərdən keçirilmişdir. Xatırladaq ki, ötən ilin oktyabrın 24-də və noyabrın 4-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əhəmiyyəti nəzərə alınaraq ictimai dinləmələr keçirilmişdir. Dekabrın 16-da isə Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilmişdir.

“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi çox sıra məsələləri ehtiva edir. Bu, özü bir yenilikdir ki, qanunda bir çox siyasi terminlər tam açıq şəkildə göstərilmişdir. Yeni qanuna görə siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Bundan sonra dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstəriləcək. Partiyaların fəaliyyətlərinin tənzimlənməsi baxımından da “Siyasi partiyalar haqqında” yeni Qanun çox önəmlidir. Ümumi olaraq sənəddə siyasi partiyaların fəaliyyətini əks etdirən bütün məsələlər detallı şəkildə qeyd edilib. Bütün bunlar da indiki dövrün tələblərinə uyğundur. Yeni qanun layihəsi siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqun yaranmasına və güclənməsinə müsbət təsir edəcək. Dövlət idarəçiliyində və siyasi hakimiyyətin formalaşmasında partiyaların mühüm rola malikdir. Qəbul edilmiş yeni qanun ölkədəki mövcud demokratik prinsiplərin daha fəal tətbiq edilməsi işinə də təsir edəcək. Bu qanun layihəsi, həmçinin xalqın siyasi iradəsini ifadə edir.

“Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda sağlam siyasi mühitin formalaşdırılması və yeni cəmiyyət quruculuğu prosesini daha da sürətləndirəcək. Eyni zamanda partiyaların cəmiyyətin inkişafında vacib olan bir struktura çevrilməsinə yeni qanun layihəsi çox böyük töhfə verəcək.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

Comments (0)
Add Comment