Qürurlu, mərd kişidir, heç vaxt heç kimin qarşısında əyilmir. Hətta yalan danışmağı, kiməsə yarınmağı belə qüruruna sıxışdırmır. Şux yerişi, məğrur baxışları daxili aləminin təzahürüdür, varlığına xüsusi bir rəng qatır. Qərəzdən çox uzaqdır, kimisə, nəyisə təriflədisə və ya tənqid etdisə, demək başqa söhbət ola bilməz…
2020-ci ildə yetmiş yaşı olanda demişdi ki,- “Nəhayət, ölmədim, bu günü də gördüm. 70 yaşımın zirvəsində göydə Allahın, yerdə şanlı ordumuzun rəşadəti, milli birlik və Türkiyənin dəstəyi sayəsində müqəddəs vətən torpaqlarımız 30 illik rüsvayçı, biabırçı işğaldan azad edildi. Xüsusilə silahlı qüvvələrimiz, havadan Səlcuq Bayraqdarın PUA-ları və s. düşmənin canlı qüvvələrini, hərbi texnikalarını, səngərlərini, müdafiə sistemlərini darmadağın etdi. Bizim qüdrətli ordumuz 7 rayonu geri qaytardı. Bu misilsiz qələbədə, bu böyük tarixin yazılmasında heç şübhəsiz qəhrəman ordumuzla, böyük xalqımızla yanaşı cəsarətli cənab Prezidentin də rolu danılmazdır…”
Üstündən iki il keçib. Əvvəlki şükranlığını hələ də qoruyub saxlaya bilib. Hətta bir az da irəli gedib.
“Səmimi-qəlbdən deyirəm: daha doğum günümə, ad günümə qəti sevinmirəm. Bu həqiqəti məhz mənim yaş həddimə gələnlər daha yaxşı bilər.
Məni yaradan Allahımdan, məni sevən ailəmdən, yaxın qohumlarımdan, dostlarımdan, məni təklənməyə qoymayan, qüdrətləndirən, daxilən zənginləşdirən, diri, canlı və özünə güvənli saxlayan? milliyyətindən, dinindən, irqindən asılı olmayaraq İNSAN və İNSANLIQdan razıyam!”- söyləyir…
Haqqında söhbət açdığım şair, publisist, şərqşünas, tərcüməçi Hafiz Rüstəmi ədəbi mühitdə demək olar ki, hər kəs tanıyır. O, 1951-ci ildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsilə yiyələnib. Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor, redaktor, Xarici dillər redaksiyasının müdiri, baş redaktor vəzifəsində işləyib. 2006- cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur.
Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olub, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. Sovet dönəmində Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində, müstəqillik illərində isə İİR-nin Bakıdakı səfirliyində əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib. Erkən gəncliyindən bədii yaradıcılıqla məşğul olur. Ölkə mətbuatında orijinal lirik şeirləri, elmi-publisistik məqalələri və fars-tacik ədəbiyyatından tərcümələri ilə tanınır. Xeyli sayda kitabın müəllifidir…
Ədəbiyatşünas, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli onun haqqında deyir:- “Hafiz Rüstəmi – bu istedadlı şairi, gözəl ziyalını, tərcüməçi və publisisti çoxdan tanıyıram və tanıdığım gündən də səmimi bir insan olduğuna qətiyyən şübhəm olmayıb. Ara-sıra şeir məclislərində, bir sıra başqa tədbirlərdə yanaşı oturmuşuq. İnsanın dəyərini, necə bir insan olduğunu tanımaq üçün illər, aylar lazım deyilmiş. O insanın sadəcə səsini eşitmək, o səsdəki şeiriyyəti duymaq, onun gözlərinin içinə baxmaq kifayətdi. Hafiz müəllimin gözlərində həmişə doğulduğu Yardımlı dağlarından gələn saflıq hiss etmişəm. Bəlkə onu şeir aləminə çəkən, ürəyini dilləndirən də elə o saflıqdı…”
Bəli, Seyyid Mir Əşrəf Ağanın süfrəsində böyüyüb ərsəyə çatan insan başqa cür ola da bilməz. Bütün ömrü boyu o saflığı özüylə daşıyıb. El-obasına başucalığı gətirib. Gözəl övladlar böyüdüb, gözəl işlərə imza atıb.
“Facebook” sosial platformasında da çox fəaldır. Dünyadan köçmüş, bu gün həyatda olan qələm adamları, ağsaqqallar haqqında gözəl fikirlər paylaşır. Paylaşdığı hər bir yazıda insanlara sevgi, səmimiyyət açıq-aşkar hiss olunur. Böyük ürəkli adamdır.
Yanvarın 8-i Mir Hafiz Ağanın 72 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşa, USTAD!
Hörmətlə, Elman Eldaroğlu