Özbəkistanda “İstiqlal şairlərimiz Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy Azərbaycan-Özbəkistan-Türkiyə dostluq konserti” keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.

 

Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlamışdır.
Cari ilin 9 dekabr tarixində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən konsertdə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan, Türkiyə Səfirliklərinin diplomatları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ölkənin elm, mədəniyyət, təhsil sahəsinin tanınmış nümayəndələri, müəllim və tələbələr, jurnalistlər iştirak ediblər.
İlk öncə tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqappar Qırğızboyev Türk dövlətləri arasında günü-gündən güclənən əlaqələr, soykökü, dili, dini, mədəniyyəti, adət və ənənələri eyni olan xalqlarımız arasında dostluq, əməkdaşlıq haqqında fikirlərini bölüşüb. Rektor Abduqappar Qırğızboyev Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə təşkil olunan konsert proqramının istiqlal şairlərimiz, milli himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoya həsr olunduğunu bildirib.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın Türk dövlətləri, habelə Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini, dövlət başçısı İlham Əliyevin bir il ərzində qardaş ölkəyə 3 səfərinin reallaşdığını və bu görüşlərin bütün sahələrdə olduğu kimi mədəni əlaqələrinin inkişafına böyük təkan verdiyini söyləyib. O, bu il Azərbaycanda böyük şairimiz Əhməd Cavadın 130 illiyinin qeyd olunduğunu, şairin dövlət atributu olan himnimizi yüksək şeriyyət dili ilə tərənnüm etdiyini bildirib. Diplomat millətimizin mənəviyyat cəbhəsinin öndərləri olan Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy yaradıcılıqları arasında oxşar xüsusiyyətlərin çox olduğunu qeyd edərək, bütün həyatları boyunca dövlətimiz, istiqalaliyyətimizə  sadiq qalan, milli Mücadiləyə qeyd-şərtsiz dəstək verən bu fədai ziyalılarımızla hər bir vətəndaşımızın fəxr etməli olduğunu bildirib.
Samir Abbasov Əhməd Cavadın üç rəngli al bayrağımız və vətənpərvərlik ruhunda yazdığı şeirlərin bugün də aktual olduğunu söyləyərək, bu bayrağın 28 ildən sonra  Ermənistan işğalından azad edilən mədəniyyət paytaxtımız Şuşada dalğalanmasının xüsusilə qürurverici olduğunu bildirib.
Türkiyənin Özbəkistandakı Səfirliyinin katibi Buğra Doğan, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizaməttin Aykurt çıxışlarında dostluq konserti ideyasını yüksək qiymətləndirərək, layihəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürlərini bildiriblər. Natiqlər bu üç istiqlal şairlərinin əsas arzuları Türk dünyasının yaxınlığı, millətimizin istiqlaliyyəti olduğunu qeyd edərək, məhz onların yazdığı dövlətlərimizin milli himnləri vətən sevgisi  və Türk Millətinin azadlıq inancını ifadə edir, istiqlal şövqünü dastana çevirərək möhtəşəm misralarla əbədiləşdirir.
Daha sonra Özbəkistan Dövlət Konservatoriyasının  Xalq Çalğı Alətləri Orkestrinin ifası ilə Dostluq Konserti təqdim edilib.
İlk öncə Konservatoriyanın Xor Kapellası Özbəkistan-Azərbaycan və Türkiyə dövlət  himnlərini ifa ediblər.
Konsertdə Orkestr Əhməd Cavadın «Can Azərbaycan», «Çırpınırdı Qara dəniz», «Şükriyyə», «Lalələr», Abdulla Aripovun «Men nechun sevaman O‘zbekistonni», «Uluğumsan Vatanim», habelə Mehmet Akif Ersoyun bir sıra əsərlərini ifa ediblər.
Dirijoru Özbəkistanın əməkdar artisti Firuza Abduraximovanın konsert proqramında bir sıra Özbək sənətçilər, beynəlxalq müsabiqələr laureatları Laziz Usmanov, Otabek Nazarov, Qəhrəman Bazarov, Sancar Qadırov, Bozorbek Xolmuminov hər üç şairin əsərləri əsasında hazırlanmış musiqiləri səsləndiriblər.
Tədbir böyük anşlaqla keçib və tamaşaçıların çoxsaylı alqışları ilə müşayiət olunub.

 

 

Comments (0)
Add Comment