Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri seçilmiş və tərcüməçi Şaxlo Qasımova tərəfindən Özbək dilinə çevrilmiş və nəşr edilmişdir.
Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimat mərasimi keçirilmiş və cari ilin 8 dekabr tarixində Daşkənddə Özbəkistan Yazıçılar Birliyində təqdim edilməsi nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlamışdır.
Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edəcəkdir.
Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın «Can Azərbaycan», «Türkün bayrağı», «Şükriyyə», «Lalələr», Abdulla Aripovun «Men nechun sevaman O‘zbekistonni», «Uluğumsan Vatanim», habelə Mehmet Akif Ersoyun əsərlərini ifa edəcəkdir.
Cari ilin 9 dekabr tarixində Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə «İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy» beynəlxalq konfrans keçiriləcəkdir.
Universitetin mərkəzi foyesində isə «Türkistan və Qafqazların unikal tarixi xəritələri» adlı Azərbaycan-Özbəkistan- Türkiyə sərgisinin açılışı nəzərdə tutulub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə Sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdiriləcəkdir.
Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı Səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək göstərir.