Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrilən Yeni Azərbaycan Partiyası 30 illik tarixi yolda üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün qazanılan nailiyyətlər göz önündədir. YAP-ın yaradıcısı olan Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikadakı mövcud ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Əlbəttə ki, o illərə nəzər salsaq görərik ki, müstəqiliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu xalqda gələcəyə ümidsizlik yaratmışdı. Siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış YAP Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biri olaraq böyük bir missiyanı yerinə yetirdi. Noyabrın 21-də Heydər Əliyev Mərkəzində YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, “Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar”.
1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı “91-lər” Heydər Əliyevə müraciət edərək, YAP-ın yaradılmasını təklif etmişdi. Ümummilli Lider isə ziyalılara ünvanladığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda YAP-ın yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransında Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən əlamətdar hadisəyə çevirdi. 30 il əvvəl YAP-ın təsis olunması və tarixi qərarların verilməsi Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişikliklərə yol açdı. Dövlətimizin başçısının YAP-ın 30 illik yubiley tədbirində proqram xarakterli çıxışında partiyanın keçdiyi yolun çətin və uğurlu zamanı öz ifdəsini tapdı.
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli vəziyyət yaratmışdılar. “Ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı”, – deyən dövlət başçısı bildirib ki, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü: “İqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət”.
Ümummilli Lider qısa zamanda YAP-ın fəaliyyət konsepsiyasını və prioritetlərini, məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirdi. “YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır”, – deyə Prezident İlham Əliyev bildirib.
Həmin dövrü xarakterizə edərkən görürük ki, qarşıda ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev 98.80% səslə qalib gəldi və YAP iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi. Ölkəmizdə davamlı islahatlar, irmiqyaslı layihələr reallaşdırıldı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsi, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsi və digər mühüm əhəmiyyətli layihələr gerçəkləşdirildi. “1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi geniş vüsət almışdır. Onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır” – deyə dövlət başçısı qeyd edib.
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 19 ildə görülən işlər bunu deməyə əsas verir. “2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi”, – deyən Prezident Ulu Öndərin bütün tapşırıqlarının, bütün tövsiyələrinin yerinə yetirildiyini bildirib: “O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.
YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yol keçib və hər səhifəsinə şanlı, uğurlu tarix yazılıb. Müzəffər Ali Baş Komandanımız və Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərdi və şanlı tariximizin əbədi Zəfər salnaməsini yazdı. Bu Zəfər bölgəmiz üçün yeni reallıqlar yaratmış oldu. Ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxdı. Şübhə yoxdur ki, YAP indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə zəngin olacaqdır. Heydər Əliyevin ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və YAP yeni reallıqlar fonunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək daha böyük uğurlarına imza atacaqdır.
Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor