Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir.
AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, növbəti film “Əsgər bağı” adlanır.
Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.
E.Əkbərov 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
E.Mirzəyev isə 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.
Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.
Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.
AzTV hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərir, 1956-cı il fevralın 14-də yayıma başlayıb. Azərbaycan Televiziyasının dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Rövşən Məmmədov 2019-cu ildən QSC-də uğurlu islahatlara başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub. Rövşən Məmmədov televiziya kanallarının texniki təchizatının yenilənməsinə xüsusi diqqət ayırıb. Hər üç TV kanalında onlarla yeni uğurlu layihələr hazırlanıb, yüzlərlə bədii-sənədli film istehsal olunub. 2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.