Ali sənəd

Prezident İlham Əliyev: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır”

Konstitusiya dövlətin əsas qanunu olaraq hər bir vətəndaşa hüquq və azadlıq verir. İnsanların konstitusion hüququ ən üstün və ali hüquqi dəyər, demokratik haqqıdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Konstitusiyanın qəbul edilməsi ilə müstəqil  Azərbaycan Respublikası da öz vətəndaşlarına bu hüququ verib. Qeyd edək ki, müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridır. Ulu Öndər Heydər Əliyev deyib: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Bəli, xalq öz iradəsini ifadə edərək Konstitusiyanın qəbuluna səs verib. Artıq 1996-cı ildən 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd edilir.

Konstitusiya vətəndaşların əsas hüquq və azadlıqlarını müəyyən edən ali sənəddir. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilib. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edir. Zaman-zaman Kostitusiyaya əlavə və dəyişikliklər edilib. Bu da dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə baş verib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Bu məsələlərin aktuallığı ona görə diqqəti çəkir ki, Azərbaycan dövlətinin, məhz son 20 ildə iqtisadi, siyasi inkişafı gündən – günə artıb. Nəticədə isə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Əgər bir neçə il əvvəl Azərbaycan yalnız regionda söz sahibi idisə, indi artıq dövlətimiz Avropanın enerji təminatçısı kimi qəbul edilir.

Xüsusən, Prezident İlham Əliyevin daxili siyasətindəki çox ciddi uğurlar ölkə vətəndaşlarının sosial vəziyyətini birmənalı olaraq yaxşılaşdırıb. Açılan yeni iş yerləri Azərbaycanın iqtisadi inkişafının miqyasını göstərir.

Ölkə büdcəsindəki yüksək artımlar da artıq ənənəvi hal alıb.

Ən başlıcası isə Azərbaycanda iqtisadi inkişafla bərabər, siyasi təsisatların da inkişafı davam edir. Ölkəmizdə demokratik cəmiyyətin qurulması üçün Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli addımlar atılb, islahatlar aparılıb.

Bütün bu inkişafı və uğurları görən Azərbaycan xalqı özünə lider seçəndə həmin meyarları və həqiqətləri görüb dəyərləndirir. Konstitusiya islahatları haqqında Prezident İlham Əliyev belə deyib: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir”. Ümumiyyətlə, Konstitusiya dəyişiklikləri dünyanın bir çox qabaqcııl ölkələrində baş verib. Əslində, Konstitusiyaya dəyişikliklər inkişafla, ölkənin iqtisadi və siyasi gücünün artması ilə, eyni zamanda, demokratik təsisatların cəmiyyətdə tədricən bərqərar olması ilə gerçəkləşir. Ən əsası bütün bunlar xalq hakimiyyətinin əsas atributu olan demokratik prinsiplərə tam uyğun olaraq edilir.

Refrendum yolu ilə edilən bu dəyişliklərə xalq öz səsini verib və yeni zamana uyğun Konstitusiya formalaşıb. Konstitusiya islahatları zərurətdən yaranıb. Ölkənin siyasi gündəmində sosial sifariş kimi qəbul edilən bu dəyişikliklər həm də xalqın mövcud hakimiyyətə, Prezident İlham Əliyevə  olan inamının bariz nümunəsi kimi diqqəti çəkir. Bununla Azərbaycan xalqı demokratikləşmə proseslərinə həssas münasibət göstərdiyini nümayiş etdirib.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Comments (0)
Add Comment